2023-cü il 19-20 sentyabr tarixində Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror əməliyyatını digər əməliyyatlar ilə müqayisə etmək olmaz. Çünki onlar hansısa terrorçuya qarşı deyil, terror yuvasına, özünü dövlət elan etmiş separatçılara qarşı yönəlmişdi.

Bunu “Report”a açıqlamasında altıncı çağırış Milli Məclisin Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.

O, antiterror əməliyyatının etik çərçivədə, müharibə qanunları pozulmadan keçirildiyini bildirib:

“Əsas məsələ odur ki, biz beynəlxalq qanunlara uyğun antiterror əməliyyatı keçirdik. Azərbaycan Ordusu, bütün güc strukturları, müharibə qanunlarına və etik normalara uyğun vuruşub. Terror dəstəsinin üzvü olmayan şəxsə qarşı hər hansı təcavüz, yaxud qəsdən öldürmək aktı baş verməyib”.

A.Nağıyev separatçı dəstələrin Azərbaycan daxilində yeni dövlətin qurulmasına zəmin yaratmağı planlasalar da, bunun qarşısının ədalətli şəkildə alındığını qeyd edib:

“Bizim məqsədimiz qarşı tərəfin tərk-silah olması və ərazimizdən çıxması idi. Məqsədimizə çatdıq və Azərbaycan özünün ərazi bütövlüyünü tam bərpa etdi. Paralel olaraq ərazini tərk etmək istəyənlərə müvafiq şərait də yaradıldı. Dəhlizlər vasitəsilə onlar ərazini tərk etdilər. Lakin müqavimət göstərən terrorçulara qarşı ən ciddi addımların atılmasından da çəkinmədik. Artıq onların rəhbər heyəti həbs edilib”.

Milli Məclisin VI çağırış deputatı bildirib ki, bir ilə yaxın vaxt keçsə də, silah-sursatın yığılması hələ də davam edir.

“İşin məğzini bilmədən bizə irad tutanlar olsa da, Azərbaycanın heç kimin ərazi bütövlüyündə gözünün olmadığı ortadadır. Biz sadəcə suverenliyimizi bərpa etməyə çalışırdıq”, – o bildirib.

A.Nağıyev Azərbaycanın ümumiyyətlə beynəlxalq qanunlara zidd heç bir addım atmadığını xüsusilə vurğulayıb.

İstinadlar Report