
Son günlər ANS-in bağlanması və çörəyin bahalaşması ölkə gündəmində əsas məsələlərdir.
Bu dəfə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev baş verənlərlə bağlı iqtidarın ünvanına sərt çıxış edib.
Azərbaycan 24 onun fikirlərini təqdim edir:
“ANS telekanalının bağlanması ciddi siyasi hadisədir. VİP olaraq hakimiyyətin bu addımını pisləmiş, lisenziyanın ləğvini söz və mətbuat azadlığının məhdudlaşdırılması kimi bəyanıtımızda qiymətləndirmişik.
İqtidarın nədən belə etdiyi çox düşündürücüdür. Axı, ANS müstəqillik potensialını saxlamaqla, iqtidarın fəaliyyətinə mane olmurdu. Əksinə, deyərdim ki, məhz ANS-in usta siyasəti iqtidarın bir çox yarıtmaz və səhv addımlarına “don geyindirə” bilirdi.
YAP-ın illər uzunu müxtəlif manevrləri bu davanın müvəqqəti xarakter daşıdığı təəssüratını yaradır.
Bu qərarla hakimiyyət Referendum məsələsini arxa plana keçirməyə nail ola bilib. İctimai müzakirələr əsasən ANS ətrafında aparılır. Mətbuatın ən qabarıq personası Mir Şahindir. İqtidar hər vəhclə, Referendumun baş tutmasını istəyir. Onun baş tutması isə ictimai müzakirələrdə başqa aktual məsələlərin ortada olmasından da asılı olacaqdır. İndi isə unun qiymətini qaldırıb, diqqəti ailələrin içinə yönəltdilər. Əsas məqsəd hakimiyyətə zəmin yaradacaq hüquqi dəyişiklikləri rəsmiləşdirməkdir.
Günlərin birində, iqtidarın içindən ANS-in lisenziyasının bərpasının sorağı gələcəkdir. Nədənsə, belə daxili əminliyim var. Əgər pərdəarxasında Vahid Naxış oyun qaydalarını pozmayıbsa, nədən də olmasın. Zatən də pozana oxşamır.
İstisna etmirəm ki, iqtidar Referendum qarşılığında xalqa köhnə un qiymətlərini də bərpa etsin. Qiymət fərqini hər hansı bir saxlancdan əta da edə bilərlər. Uzunmüddətli hakimiyyət hüququ qarşılığında, niyə də etməsinlər? Camaatımızın, əsasən, qastroloji problemlərlə maraqlandığını düşünürlər. İlk baxışda belə sezilir.
Lakin səhv baxışdır. Xalq bu hakimiyyətin şıltaqlığından çoxdan bezib. Ölkənin Əsas Qanununu 7 ildən bir periodika ilə, fərdlərin boyuna biçilməsini hamı görür. Bu biçilən lekallardan bir qrup insanın da yararlındığını hamı görür. Bütün bu siyasi-hüquqi kütüryelik dinc dövr üçün yarayır. Məgər Ərəb dünyasında baş verən dəyişikliklərdə kimdənsə, “Qanunda nə yazılıb?” soruşdularmı?
Belə dəyişikliklərin ustadı, xanım Klintonun siyasi addım səsləri eşidilməkdədir…”