Bu gün Türkiyənin paytaxtı Ankarada Hacettəpə Universitetində Azərbaycan Dövlət Tərcümə Mərkəzinin hazırladığı “Türkiyədə Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti”nin təqdimat mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin rəhbəri, yazıçı-dramaturq Afaq Məsud, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Azərbaycan nümayəndəsi Elçin Qafarlı, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov, Türk Dil Qurumunun rəhbəri Osman Mərd, Hacettəpə Universitetinin müəllimləri Şükrü Halit Akalın, Nureddin Demir, Əminə Yılmaz, Nurtac Ergün Atabaşı, Tevfik Ergun və Türkiyənin elm ictimaiyyəti, mətbuat nümayəndələri iştirak ediblər.

Afaq Məsud deyib ki, lüğətin tədqiqat və dilçilik sahəsi üçün faydalı ola biləcəyinə inanır: “Mərkəzə rəhbərlik etdiyim ilk illərdə anladım ki, belə bir lüğətə ehtiyac var. Bu minvalla artıq üçüncü lüğətimizi hazırladıq. Sizə təqdim etdiyimiz Azərbaycan Nazirlər Kabineti tərəfindən təsdiqlənən bu lüğətin fərqli cəhəti odur ki, fars, ərəb, rus və digər əcnəbi kökənli 60 min söz ehtiyatımızdan kənarlaşdırlıdı və bu vaxta qədər lüğətlərimizə daxil olmayan 40 min söz əlavə edildi”.

Dövlət Tərcümə Mərkəzinin rəhbəri bildirib ki, lüğətə, həmçinin Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamından yola çıxaraq Türk dilindən Azərbaycan dilinə daxil olmuş minlərlə söz əlavə edilib: “Yəni həmin sözlər bizim dilimizdə artıq işlənir. Çünki Türkiyə-Azərbaycan biliyinin, doğmalığının ən önəmli səbəblərindən biri dil birliyidir. Mənbə eynidir. Dövlət başçımızın da dediyi kimi, biz bir türk ailəsiyik. Və düşünürəm ki, bu kitab həm də bir ortaq türk lüğətidir”.

Hacettəpə Universitetinin professoru Nureddin Demir isə tarixi şərtlərə görə bənzərliyin, əlifbaların dəyişdiyini qeyd edib: “Lakin Azərbaycan öz müstəqilliyini təkrar qazandıqdan sonra latın əlifbasına keçdi. Bu baxımdan, təqdim olunan bu lüğət böyük əhəmiyyət kəsb edir”.

Türk Dil Qurumunun rəhbəri Osman Mərd qeyd edib ki, bir ildən çoxdur ortaq əlifba üzərində çalışırlar: “Sizin biliklərinizə, təcrübələrinizə və hətta düşüncələrinizə ehtiyacımız var. Ancaq hazırda tarixin bizi gətirdiyi nöqtədə önəmli mövzumuz ortaq dil, ortaq lüğətdir. Hazırda bununla bağlı Azərbaycan və Türkiyə ilə danışıqlar aparılır”.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov da çıxış edərək ilk Türkoloji Qurultayın 1926-cı ildə Azərbaycanda keçirildiyini xatırladıb: “Biz bununla fəxr edirik. Çünki bu, Azərbaycanın türk dünyasında nə qədər əhəmiyyətli rol oynadığını göstərir. Sevindirici haldır ki, bu qurultayın 100 illiyi ilə bağlı da Azərbaycanda konfrans keçiriləcək. Türk dünyasının bir hissəsi olaraq dilimizlə fəxr edirik və Türk xalqlarının bir-birinə yaxınlaşmasını istəyirik. Bu mənada, bu lüğətin hazırlanmasında əməyi keçən hər kəsi təbrik edirik”.

Konfrans Afaq Məsudun tərtibatı ilə hazırlanan yeni “Azərbaycan Dilinin Orfoqrafiya lüğəti” ilə bağlı Türkiyənin dilçi alimlərinin təhlili və müzakirəsi ilə davam edib.

İstinadlar Report