Bu il Ağdamda Milli Şəhər Forumunun keçirilməsi ilə bağlı müzakirələr son mərhələdədir.

Bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ümumdünya Şəhər Forumunun (WUF 11) XI sessiyası çərçivəsində nazirlərin dəyirmi masasında çıxışı zamanı deyib.

“Biz forumu bu ilin oktyabrında təşkil etməyi planlaşdırırıq və fürsətdən istifadə edərək hamınızı bu tədbirdə iştirak etməyə dəvət etmək istərdim. Ümid edirik ki, bu forum münaqişədən sonrakı yenidənqurma prosesləri ilə bağlı bir çox məsələlərin müzakirəsi üçün əla imkan yaradacaq”, – A.Quliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası istiqamətində davamlı səyləri BMT-nin Məskunlaşma Proqramı ilə tərəfdaşlığın vacibliyini sübut edir.

A.Quliyev qeyd edib ki, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifin Azərbaycana bu yaxınlarda səfəri əməkdaşlıqda yeni səhifə açıb:

“Biz proqramın Azərbaycanda yeni şəhərsalma proqramının həyata keçirilməsinin təşviqində oynadığı mühüm rolu yüksək qiymətləndiririk”.

İstinadlar Report