Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili onurğasından zədə aldığını və əməliyyata ehtiyac duyduğunu açıqlayıb.
Saakaşvilinin ictimaiyyətə ünvanladığı məktubu “Vahid Milli Hərəkat” müxalif partiyasından olan deputat Yekaterina Xerxeulidze oxuyub.
“Həkimlər MRT vasitəsilə onurğamdan zədə aldığımla bağlı diaqnoz qoydular. Bu zədəni böyük ehtimalla zor tətbiq edilərək Qldani həbsxanasına köçürülərkən almışam. Anladığım qədərilə, bu zədəyə görə əməliyyata ehtiyac duyuram”, – deyə Saakaşvili söyləyib.
Saakaşvili yazır ki, bel nahiyəsində güclü ağrı hiss edir və bu səbəbdən də, gün ərzində bir neçə dəfə ona ağrıkəsici iynələr vurulur. Bununla yanaşı, onda tez-tez başgicəllənməsi və titrəmə müşahidə edilir. Eyni zamanda, o, sol əlini hərəkət etdirməkdə çətinlik çəkir.
Xatırladaq ki, Gürcüstanın Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti mayın 12-si Saakaşvilini Rustavidə saxlanıldığı həbsxanadan tibbi müayinə üçün Tbilisidəki “Vivamed” klinikasına köçürüb.