İyunun 11-də Şabran rayonunda yerləşən “Çıraqqala” abidəsində aparılan bərpa-konservasiya işləri ilə tanışlıq məqsədilə əraziyə mədəniyyət naziri Anar Kərimov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və media nümayəndələrinin iştirakı ilə baxış keçirilib.

Bu Mədəniyyət Nazirliyindən bildirilib. 

Bərpa-konservasiya işlərini həyata keçirən mütəxəssislər görülən işlər haqqında ətraflı məlumat verib.

Baxış zamanı jurnalistlərə açıqlama verən mədəniyyət naziri Anar Kərimov bildirib ki, dünya əhəmiyyətli tarix və memarlıq abidəsi olan “Çıraqqala”da möhkəmləndirmə, bərpa-konservasiya işləri Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən aparılır. Bərpa-konservasiya işlərinə 2019-cu ildə başlanılıb:

“Bugünədək tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədi ilə ərazidə yerləşən meşənin içindən qalayadək eni 2 metr, uzunluğu 530 metr olan yol salınıb, tam yararsız vəziyyətə düşmüş körpü qaya daşları ilə bərpa olunub, sıldırım qayalar üzərində qala ətrafı ayaqaltılar quraşdırılıb, baş bürcün dağılmış hissələri bərpa olunub, körpü ilə qala arasında qayalar üzərində yol çəkilib və taxtadan asma pillələr düzəldilib, bürclərarası qala divarları, eyni zamanda ovdan qismən bərpa edilib. Həmçinin ərazidə arxeoloji tədqiqatlar aparıldıqdan sonra aşkar olunmuş tikililərdə əlavə konservasiya işləri həyata keçirilib”.

Qeyd edək ki, Gilgilçay müdafiə səddi Xəzər dənizindən başlayaraq Böyük Qafqaz sıra dağlarının dərinliklərinə qədər, 120-130 km uzunluğunda böyük bir ərazini əhatə edir. Səddin baş tikilisi Şabran rayonu ərazisində yerləşən “Çıraqqala” abidəsi V-VI əsrlərdə inşa edilib. Tarixi abidə möhtəşəm görünüşü və tikinti xüsusiyyətləri ilə inşa edildiyi ərazidə dominant rol oynayaraq, yerləşdiyi məkanın simvoluna çevrilib. Təqribən 2 hektarlıq ərazini əhatə edən “Çıraqqala” mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır.