Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) arasında memorandum imzalanıb.

Memorandumun məqsədi vizual kommunikasiya vasitələri hesabına partlayıcı qurğuların təhlükəsi ilə bağlı insanların maarifləndirilməsi işini təkmilləşdirmək, mina xəbərdaredici işarələrin göstəriciləri barədə məlumatlandırmağa davam etmək, habelə, insanların şüurunda nizam-intizam və özünə məsuliyyət barədə fikir formalaşdırmaqdır.

İmzalanma mərasimində çıxış edən Azərbaycan Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov bildirib ki, mina və müharibənin partlayıcı qalıqları problemi istər, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasına cəlb olunan, istərsə də müharibəyə məruz qalmış rayonların, həmçinin keçmiş təmas xətti boyu ərazilərin sakinlərinin həyat və fəaliyyətinə təhlükə mənbəyidir. Qeyd olunub ki, 2020-ci ilin 10 noyabr tarixindən cari ilin 23 iyun tarixinədək mina partlayışları nəticəsində 225 nəfər minaların qurbanı olub, onlardan 186 nəfər xəsarət alıb, 39 nəfər həlak olub”.

Sədr memorandumun vacibliyinə diqqət çəkib: “”Böyük qayıdış” proqramı çərçivəsində ilk sakinlərin yaşayış məntəqələrinə yerləşdirilməsi üzrə başlanan işlər bu fəaliyyəti daha da zəruri edir. Beləliklə, maarifləndirmə işində məlumatların əhaliyə hərtərəfli, dolğun çatdırılması məqsədi ilə bu prosesə bütün kommunikasiya vasitələrinin cəlb edilməsi vacib məsələlərdən birinə çevrilib. Bu mövzuda sosial xarakterli reklamların açıq məkanda yayımının həyata keçirilməsi məqsədilə bu sənəd imzalanır”.

İstinadlar Report