Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Sülyemanov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauerini səlahiyyət müddətinin başa çatması və Draqana Kojiçi nümayəndəliyin yeni rəhbəri təyin olunması ilə əlaqədar qəbul edib.

ANAMA-dan verilən məlumata görə, görüş zamanı minadan zərərçəkənlərə yardım layihəsi çərçivəsində psixoloji dəstəyin göstərilməsi və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə istiqamətində birgə fəaliyyətin icrası barədə müzakirələr aparılıb.

Səmimi görüşə görə minnətdarlığını bildirən Arian Bauer rəhbərlik etdiyi müddətdə qurum tərəfindən humanitar minatəmizləmə sahəsində göstərilən dəstək barədə məlumat verib və bu istiqamətdə görüləcək növbəti addımlarda uğurlar arzulayıb.

Xanım Draqana Kojiç iki qurum arasında mövcud səmərəli əməkdaşlığın inkişaf edəcəyinə və işğaldan azad edilmiş ərazilərin yaxınlığında yaşayan, eləcə də “Böyük Qayıdış” layihəsi çərçivəsində yurdlarına qayıdacaq əhali arasında təhlükəsiz davranış qaydaları və məlumatlılığın artırılması sahəsində əlindən gələn dəstəyi göstərəcəyini bildirib.

İstinadlar Report