Fələstində texnokratik hökumətin yaradılması nəzəri cəhətdən mümkündür, lakin Qəzzada müharibəni bitirməyə bilər.

Bunu “Report”a açıqlamasında Beynəlxalq Böhran Qrupunun Fələstin üzrə baş analitiki Tahani Mustafa Fələstin hökumətinin istefasına münasibət bildirərkən deyib.

Baş nazir Məhəmməd əş-Aştaye və hökuməti bununla bağlı ərizəsini Fələstin dövlətinin başçısı Mahmud Abbasa təqdim edib. Bu, bir çox müşahidəçilər tərəfindən Fələstin ərazilərinin idarəsi və İsraillə münaqişənin sona çatmasından sonra Qəzzanın yenidən qurulmasına nəzarət etmək üçün yeni texnokratik hökumətin formalaşması yolunda ilk addım hesab olunur.

Bu məqamda qeyd edək ki, prezident Mahmud Abbas hökumətin istefasının Qəzza zolağında müharibəyə son qoymaq, İsrail qüvvələrinin buradan çıxarılması üçün beynəlxalq təminatların verilməsi və Fələstin anklavındakı blokadanın aradan qaldırılması üçün vasitəçilik səyləri ilə bağlı olduğunu bildirib. Lakin analitikin fikrincə, texnokratik hökumətin yaradılması əsas problemləri həll etməyəcək.

“Yeni hökumətin formalaşdırılmasında məqsəd, mahiyyət etibarilə, ABŞ-nin Qəzzanın müharibədən sonrakı bərpası ilə bağlı planlarını həyata keçirməkdir. Bu, atəşkəs razılaşmasına və hərbi əməliyyatların dayandırılmasına gətirib çıxaracaqmı? Mən şübhə ilə yanaşıram, çünki hazırkı İsrail administrasiyası müharibə bitdikdən sonra Fələstin dövlətinin Qəzzanı idarə etməsini istəmədiyini bildirib”, – analitik qeyd edib.

İstinadlar Report