
Azərbaycanın ən mühüm xüsusiyyətlərindən biri onun unikal yerləşməsidir. Həm mədəni, həm də coğrafi baxımdan Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən ölkə, uzun müddət sivilizasiyalar arasında körpü rolunu oynayıb. Buna baxmayaraq, qonşu Ermənistanla münaqişə bir çox xarici müşahidəçilər tərəfindən müsəlmanlarla xristianlar arasında dini müharibə kimi yanlış təqdim edilib – bu həqiqətdən çox uzaqdır.
Bu barədə “Azadlıq sərhədləri” analitik mərkəzinin prezidenti Corc Landrit “American spectator” jurnalındakı məqaləsində yazıb və Azərbaycana səfərini həqiqi bir kəşf adlandırıb.
“İpək Yolu boyunca yerləşən ölkə əsrlər boyu müxtəlif mədəniyyətlərdən olan səyyahları, tacirləri və elçiləri qəbul edib. Bu uzun mədəni mübadilə tarixi burada açıqlığı və dini tolerantlığı ilə tanınan bir cəmiyyətin formalaşmasına kömək edib – bu dəyərlər bu günə qədər azərbaycanlıların milli kimliyində dərin kök salıb”, – C.Landrit vurğulayıb.
Müəllifin sözlərinə görə, İran və Rusiya ilə həmsərhəd olan, əhalisinin bir çox hissəsinin müsəlman olduğu Azərbaycan – bir çoxları üçün naməlum mədəni inci və ABŞ-nin dostu, Şərq və Qərbin unikal birləşməsini təmsil edir.
O bildirib ki, Azərbaycan öz harmoniyası ilə seçilir. Ölkədə müsəlman əhali çoxluq təşkil etsə də, ölkə dini ekstremizmin təsirinə məruz qalmır.
“Bunun əvəzinə məscidlər, sinaqoqlar və xristian kilsələri yan-yana düzülüb. Yəhudilər Azərbaycanda 2000 ildən çoxdur yaşayır və firavan yaşamağa davam edirlər. Xristian icmaları öz inanclarını sərbəst şəkildə yerinə yetirirlər. Dini tolerantlıq sadəcə dövlət siyasəti deyil, milli xarakterin bir hissəsidir. Ölkənin ticarət və mübadilə mərkəzi kimi tarixi onun xalqına fərqli görünən, müxtəlif dillərdə danışan və ya dua edən insanları qiymətləndirməyi və qəbul etməyi öyrədib. Bu plüralizm ruhu regionun digər ölkələri üçün nümunə ola bilərdi”, – C.Landrit qeyd edib.
Müəllif qeyd edib ki, bəzi xarici müşahidəçilərin Azərbaycanla Ermənistanla arasındakı münaqişəni yanlış başa düşmələri, onu dini müharibə – müsəlman millətinin xristianlara qarşı müharibəsi kimi təqdim etmələri daha da kədərlidir: “Lakin bu narrativin həqiqətlə heç bir əlaqəsi yoxdur”.