Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA) sabiq prezidenti Eldar Salayev vəfat edib.  

Bu AMEA-dan bildirilib.  

Qeyd edək ki, Eldar Salayev 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində dünyaya gəlib. O 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb. 1979-cu ildən professordur. Eldar Salayev 1980-ci ildə EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. O 1983–1997-ci illərdə Azərbaycan EA-nın Prezidenti olub.

Eldar Salayev 1997-ci ildə “Şöhrət” ordeninə layiq görülüb.

Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır. İslam Akademiyasının üzvü olub.

***

Tanınmış alim və elm təşkilatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, Əməkdar elm xadimi, akademik Eldar Salayev II Fəxri xiyabanda dəfn edilib.

Vida mərasimində AMEA Rəyasət Heyətinin üzvləri, Akademiyanın bir sıra elmi müəssisə və təşkilatlarının rəhbərləri, elmi ictimaiyyətin nümayəndələri, eləcə də mərhum alimin ailə üzvləri iştirak ediblər.

Alimin məzarı önünə AMEA Rəyasət Heyəti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi və bölməyə daxil olan müəssisələr adından əklillər düzülüb.

 





İstinadlar Qafqazinfo