“Əmək haqqında ciddi fərqin olması səbəbindən elmi kadrların ali təhsil müəssisələrinə kütləvi axını problemi var”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Rasim Əliquliyev deyib.

R.Əliquliyevin sözlərinə görə, alimin dərs yükünün çox olması onun elmi fəaliyyətinə də mənfi təsir göstərir:

“Alim tədrisə keçdikdə həddən artıq dərs yükü onu elmi fəaliyyətdən ayırır. Yaxşı olar ki, elmi müəssisələr ilə ali təhsil müəssisələri müqavilələr əsasında münasibətlər qursun, alimlər elmi fəaliyyətdən ayrılmadan qismən tədrisə, xüsusən də magistr və fəlsəfə doktoru hazırlığı işlərinə cəlb olunsun.

Bundan əlavə ali təhsil müəssisələrinin müəllimləri müvafiq elmi müəssisələrdə ixtisasartırma, stajkeçmə kurslarına göndərilsin, elm və ali təhsil müəssisələri birgə dərsliklər, tədris vəsaitləri hazırlasınlar, beynəlxalq səviyyədə nüfuz qazanmış dərslikləri Azərbaycan dilinə tərcümə etsinlər”.

R.Əliquliyev vurğulayıb ki, elmi müəssisələrdə çalışan elmi işçilərin və mütəxəssislərin əməyinin ödənilməsi və stimullaşdırılması üçün təcili olaraq ölkə və beynəlxalq səviyyədə qabaqcıl təcrübəni rəhbər tutaraq mütərəqqi mexanizmlər işlənilməlidir.

“Hesab edirik ki, bu ölkənin intellektual potensialının qorunması və inkişaf etdirilməsi nöqteyi-nəzərindən strateji əhəmiyyət daşıyır.

İstinadlar Report