“Technovate-Sabah Mələk İnvestorlar Klubu” indiyədək qlobal startaplara 200 min ABŞ dolları məbləğində sərmayə yatırıb.
Bunu Klubun icraçı direktoru Alya Abbaszadə ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə təşkil olunacaq startaplar üzrə dünya çempionatının (“Startup World Cup”) regional mərhələsinin açılış mərasimində bildirib.
O qeyd edib ki, hazırda klubun 150-dən çox üzvü var: “Əsas məqsəd investisiya qoyuluşunu artırmaq, innovasiyaları təşviq etmək və bütün dünyada sahibkarlara dəstək olmaqdır. Biz sadəcə ödəniş üçün çek yazmaq istəmirik, hekayələr yazmaq, transformasiya yaratmaq istəyirik. Arzumuz bu investisiyaları milyardlarla dollara çevirmək, cəmiyyətimizə, iqtisadiyyatımıza və dünyaya qalıcı təsirlər buraxacaq yüzlərlə uğur hekayəsinin şahidi olmaqdır”.