Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycanın tarixi Qələbəsi – öz əzəli torpaqlarının azad olunması münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan Sizi və qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Ərazi bütövlüyü beynəlxalq ictimaiyyət və müxtəlif platformalarda daim birmənalı şəkildə dəstəklənən Azərbaycanın BMT-nin qətnamələrini özü yerinə yetirməsi onun beynəlxalq hüququn prinsiplərinə hörmətinin parlaq nümunəsidir. Həmçinin TÜRKPA olaraq hərbi əməliyyatlar zamanı bir neçə dəfə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyimizi verdiyimiz bəyanatlarda, xüsusilə Azərbaycan şəhərlərində mülki əhalinin raket atəşinə tutulmasını şiddətlə qınadığımızı bildirmişik. Eləcə də şəxsən mən və Katibliyin digər əməkdaşları atəşə məruz qalmış şəhərlərə səfərlər edərək raket hücumlarının nəticələri ilə yerində tanış olub, əldə etdiyimiz məlumatlar əsasında tərəfimizdən müvafiq hesabat hazırlanaraq əməkdaşlıq etdiyimiz 12 beynəlxalq parlamentlərarası təşkilata göndərilib.

Azərbaycanın zəfəri onun böyük hərbi və diplomatik uğurudur. Təbii ki, bu Qələbənin təməlində böyük zəhmət və yorulmaz fəaliyyət dayanır. Sizin rəhbərliyinizlə Azərbaycanda dövlət quruculuğu prosesi, iqtisadi durumun və sosial rifahın yaxşılaşdırılması, ölkənin hərbi gücünün artırılması, xalq həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər qazanılmış şanlı zəfərdə böyük paya malikdir. Tarixi ədalətin bərpa olunması Azərbaycan xalqının həmrəyliyini və dövlətinə dəstəyini bir daha nümayiş etdirdi. Məhz Sizin Sərəncamınızla hər il noyabrın 8-nin Azərbaycanda Zəfər Günü kimi qeyd edilməsi qardaş Azərbaycan xalqı üçün müstəsna əhəmiyyətə malik bu bənzərsiz qələbəni əbədiləşdirəcəkdir.

Möhtərəm cənab Prezident, artıq uzun müddətdir öz torpaqlarında yaşamaq imkanından məhrum olan insanlar bu Qələbə nəticəsində doğma yurdlarına dönə biləcəklər. Əminəm ki, azad edilmiş torpaqlarda həyat yenidən dirçələcək və bölgə qısa zamanda regionun cəlbedici turizm istiqamətlərindən birinə çevriləcək. Həmçinin fürsətdən istifadə edərək təşkilatımızın yaxın gələcəkdə nəzərdə tutulan tədbirlərin bəzilərini azad edilmiş torpaqlarda həyata keçirməsi arzusunu da məmnuniyyətlə Sizə çatdırıram.

Böyük Zəfər münasibətilə Sizi bir daha təbrik edir, Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayır, Zati-alinizə dərin hörmət və ehtiramımı izhar edirəm”.