Türkiyə külək və günəş enerjisində mövcud quraşdırılmış gücünü 4 dəfə artırmağı hədəfləyir və bu sahəyə ən azı 80 milyard ABŞ dolları investisiya cəlb etməlidir.
Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində keçirilən “Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi” adlı tədbirdə deyib.
O bildirib ki, Türkiyənin 2035-ci il üçün bərpa olunan enerji ilə bağlı ciddi hədəfləri var: “Bu yaxınlarda çox mühüm “yaşıl proqram” elan etdik və bu sahəyə də təxminən 30 milyard ABŞ dolları investisiya lazımdır. Qeyd etdiyim sahələrə sərmayə qoyuluşunun və maliyyələşdirilmənin təmin edilməsi böyük əhəmiyyət kəsb edir. Layihələrimizi reallaşdırmaq üçün beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq etməliyik”.