Almaniyanın Detmol Şəhər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən azərbaycanlı Elçin Ağayevin növbəti məhkəmə prosesi keçirilib.

“Report”un Avropa bürosunun məhkəmədən əldə etdiyi məlumata görə, iclasda qətlə yetirilən Andrey F.Rintelnerin həyat yoldaşı Nadina Rintelner ifadə verib.

Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən E.Ağayevlə N.Rintelnerin ifadələri arasında ziddiyyətlər var.

Daha sonra məhkəmə əlavə şahidlərin dindirilməsi ilə bağlı qərar çıxarıb.

Növbəti məhkəmə prosesində E.Ağayevin birlikdə yaşadığı, Ukrayna vətəndaşı Olqa adlı qadının iştirakı gözlənilir.

Xatırladaq ki, qətl hadisəsi ötən il iyunun 18-də Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Kalettal şəhərində baş verib.

Belə ki, azərbaycanlı E.Ağayev 39 yaşlı Andrey F.Rintelneri qısqanclıq zəminində balta ilə qətlə yetirməkdə şübhəli bilinir. Daha sonra o, Almaniya-Polşa sərhədinə yaxın qəsəbədə polisin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

İstinadlar Report