Almaniyanın Şimal-Qərb Meklenburq rayonunda cümə günündən başlayan etiraz askiyaları davam edir.
“Report”un Avropa bürosunun Şimal-Qərb Meklenburq rayon Şurasından əldə etdiyi məlumata görə, Grevesmühlendə yeni qaçqın yataqxanasının tikintisi planlaşdırılır.
Yataqxanalar konteyner tipdə, 700 çarpayılıq olacaq. Lakin sözügedən rayonun rəhbərliyi indiyə kimi tikinti işlərinə başlaya bilməyib. Səbəb isə aralarında sağçı ekstremistlərin də olduğu şəxslərin ərazidə toplanaraq, konteynerlərin quraşdırılmasına mane olmalarıdır.
Rayon rəhbərliyindən bildirilib ki, qaçqınlar hələ ki, yarasız bir binada saxlanılırlar. Orada da yaşayış üçün lazımı şərait yoxdur. Əsasən də binanın istilik sistemi düzgün çalışmır. Bu da havaların soyuq keçdiyi günlərdə sakinlərin xəstələnməsinə səbəb olur.
Onların sözlərinə görə, narazı kütlə qaçqınların hazırda məskunlaşdığı binaya girməyə cəhd göstəriblər. Ərazidəki polis qüvvələri onlara mane olub. İki gündür davam edən etiraz aksiyaları zamanı qaçqınların olduğu binaya yanan maddələr atmağa cəhd göstərənlər saxlanılıblar.
“Report”un Avropa bürosunun əməkdaşı məsələ ilə bağlı yerli sakinlərin də fikirlərini öyrənib. Onlar bildiriblər ki, kiçik bir qəsəbə üçünü 700 nəfərlik yataqxananın inşası çox böyükdür.
“Bəziləri hesab edir ki, biz qaçqınların qəbul edilməsinə qarşı çıxırıq. Yox, bu, əsla belə deyil. 700 qaçqının kiçik bir qəsəbədə yerləşdirilməsi gələcəkdə yerli sakinlərlə problemlərin yaranmasına səbəb olacaq. Bu kimi hallar Almaniyanın bir çox bölgəsində yaşanıb. Xüsusilə, ərazidə kriminogen vəziyyət pisə doğru dəyişir”, – aksiyada iştirak edən yerli sakinlərdən biri bildirib.