
Almaniya kansleri Olaf Şolts, avtomobilin Maqdeburqda (Saksoniya-Anhalt) Milad bazarına gələnləri vurmasından təxminən bir ay sonra, bayram günlərində təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini açıqlayıb.
“Ölkəmizin küçələrində, meydanlarda və festivallarda təhlükəsizliyin daha da artırılması üçün mümkün olan hər şeyi edəcəyik”, – Şolts Hamburqda keçirilən konfransda deyib.
Bundan başqa, kanslerin sözlərinə görə, Almaniya hökuməti Maqdeburqda zərər çəkənlərə və həlak olanların ailələrinə maliyyə dəstəyi verəcək. Şolts vurğulayıb ki, bu, terror hücumlarının qurbanları ilə eyni dərəcədə edilməlidir.
Xatırladaq ki, dekabrın 20-də axşam saatlarında bir nəfər avtomobilini qəsdən Milad bazarında insanların üstünə sürüb. Hadisə nəticəsində 6 nəfər ölüb, 299 nəfər yaralanıb. Şübhəli 1974-cü il təvəllüdlü Taleb A. Səudiyyə Ərəbistanındandır. O, hadisə yerində yaxalanıb. Həmin şəxs 2006-cı ildə Almaniyaya gəlib, 2016-cı ildə siyasi qaçqın statusu alıb və Bernburq şəhərində həkim işləyib.