
Albaniyada məhkəmə korrupsiyada təqsirli bilinən ölkənin keçmiş baş naziri Sali Berişa barəsində ev dustaqlığı qərarı çıxarıb.
Bu barədə “Associated Press” məlumat yayıb.
Yüksək rütbəli məmurların və siyasətçilərin işlərinə baxan Korrupsiya və Mütəşəkkil Cinayətkarlıq üzrə Xüsusi İnstansiya Məhkəməsi əvvəlki məhdudlaşdırıcı tədbirləri pozduğuna görə 79 yaşlı Berişanın ev dustaqlığına məhkum edilməsi ilə bağlı prokurorluğun vəsatətini təmin edib. Onun xaricə çıxışı da qadağan edilib.
Sabiq baş nazirin vəkili Genc Gökutay bildirib ki, məhkəmə Berişanın ailəsindən başqa insanlarla ünsiyyətini də qadağan edib. Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.
Xatırladaq ki, ötən həftə Albaniya parlamenti Berişanın hüquqi toxunulmazlığının ləğvinə qərar verib. Berişaya sadiq deputatlar sessiyanı pozmağa çalışıb və səsverməni boykot ediblər.
Berişanın ünsiyyətdən məhrum edilməsi əslində daha böyük siyasi problemə çevrilə bilər. Çünki o, ölkənin əsas müxalifət partiyası sayılan Albaniya Demokratik Partiyasının lideridir.