Albaniya elektrik enerjisini 100 % bərpa olunan mənbələrdən əldə edən ölkə kimi enerji istehsalı portfelinin diversifikasiyası istiqamətində mühüm addımlar atır.
Bunu Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş “Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, ölkəsinin enerji təchizatı uzun illər su elektrik stansiyalarından asılı olsa da, 2019-cu ildən günəş və külək enerjisi istehsalına başlanılıb. O, Avropa İttifaqına və COP 29 Prezidentliyinə təşkilatçılıq və faydalı sənədlərə görə təşəkkür edərək qeyd edib ki, bu sənədlər Albaniyaya təcrübə mübadiləsi aparmaq və enerji institutlarının fəaliyyətini müzakirə etmək üçün mühüm imkanlar yaradır.
Nazir, həmçinin COP28-in hədəflərinə çatmaqda qarşıya çıxan çətinlikləri vurğulayıb: “Albaniya hökuməti 700 meqavat külək və günəş enerjisinin tətbiqi üçün dəstək sxemi təqdim edib və bu sxem enerji istehsalının ən yaxşı dəyərə malik olmasını təmin edir. Bundan əlavə, özəl sektora 700 meqavat və 100 meqavat gücündə yeni layihələr üçün lisenziyalar verilib və bu sahəyə özəl sektorun marağı yüksək olaraq qalır”.
O, əlavə edib ki, bu ilin yanvarından etibarən Albaniyada 140 meqavat gücündə böyük fotoelektrik zavodu fəaliyyətə başlayacaq və bu zavod şəbəkəyə enerji verəcək: “Hökumət, həmçinin yeni interkonneksiya güclərinin və şəbəkə infrastrukturunun gücləndirilməsinə sərmayə yatırır. Sərhəd keçidlərinin və enerji saxlama güclərinin inkişafı isə bərpa olunan enerjidən optimal istifadənin vacib amillərindən biri hesab edilir”.
Nazir bildirib ki, Avropada bu ilin yanvar-avqust aylarında 7 841 saat ərzində enerji qiymətləri mənfi göstərici verib, çünki günəş və külək enerjisi layihələri sürətlə həyata keçirilib: “Bu səbəbdən Albaniya bərpa olunan enerji layihələri üçün saxlama güclərinin tətbiqinə yönəlmiş yol xəritəsi hazırlayıb və iki böyük hidroakkumulyasiya layihəsi üçün 1,8 gigavat gücündə yeni layihələrə dəstək veriləcək”.