Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində yaralanan beş Rusiya vətəndaşı xəstəxanalarda qalır.

Bunu ölkənin səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib.

“Federal mərkəzlərin stasionarlarında beş nəfər müalicə alır, onların vəziyyəti orta ağır qiymətləndirilir, dinamika müsbətdir”, – o vurğulayıb.

A.Kuznetsovun sözlərinə görə, Moskvaya təxliyə edilənlər arasında olan qızın vəziyyəti yaxşılaşıb, o, ambulator müşahidə altında buraxılıb.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

İstinadlar Report