“Bizim COVID-lə mübarizədə 3 “qızıl standart” var: maska, sosial məsafə, gigiyena qaydaları. Hər birimiz bunlara əməl etməklə mübarizə aparmalıyıq. Profilaktik təbabət ən doğru təbabətdir, ona görə də, biz bu 3 elementə çox diqqət etməliyik”.

Bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev bugünkü brifinqdə deyib. 

Onuz sözlərinə görə, təəssüf ki son vaxtlar insanlar bu qaydalara az əməl edilir: 
“Müharibənin ortaya çıxması, insanların gecə-gündüz stres keçirməsi immun sistemini zəiflədir. Bu vəziyyətdə şəhidlərin olması, “COVID”i tamamən unutdurub, onu ikinci plana keçirib. Artıq ölkədə xəstə sayı 4 mini ötüb. Xəstə sayı nə qədər artırsa,ölüm sayı da bir o qədər artır. Bu xəstəliyin daşıyıcıları 20 yaşınadək olan insanlardır. Onlar xəstəliyi simptomsuz keçirə bilərlər. Lakin evdəki yaşlı insanı yoluxdura bilərlər. Bunlara “ölüm daşıyıcıları” da demək olar. Onlar ətrafa ölüm saçırlar. Artıq hər kəsin ərtrafında xəstələnən şəxslər var. Mən o şəxslərə müraciət edirəm, ailənizin yaşamasını istəyirsinizsə, bütün qaydaları diqqətə alın”. 

A.Allahverdiyev bildirib ki, virus insan vicudunda yaşayır və onu biz qida ilə təmin edirik. Qoyulan qaydalara əməl etməklə virusu qida ilə təmin etməsək onun qida zənciri qırılacaq və məhv olacaq. 

Professor həmçinin əlavə edib ki, yeni növ koronavirusun meydana çıxdığı ilk vaxtlarda biz virus haqqında heç nə bilmirdiksə, artıq onunla bağlı müəyyən məlumatlara malikik: “Artıq biz COVID-ə başqa cür, tanıdığımız bioloji düşmən kimi baxırıq. Daha öncə bu virusla bağlı heç nə bilmirdik. Azərbaycanda bu xəstəliyin diaqnostikasında istifadə edilən molekulyar metodların, bu sahədə qısa müddətdə uzmanların yetişməsi, xeyli sayda laborotoriyaların olması böyük başarılara gətirib çıxardı. Lakin bilməliyik ki, virusları öldürən dərmanların sayı azdır. Çünki virusun yaşadığı yer hüceyrədir. Onu öldürmək üçün hüceyrəni öldürməli oluruq. Buna görə də, hələ ki, COVİD-ə qarşı spesifik dərman prepatratı yoxdur”. 

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo