
Avropa İttifaqı (Aİ) Şərqi Afrikada yerləşən Mavriki ada dövləti ilə çoxtərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir.
Bu barədə birliyin Mavrikidəki səfiri Oskar Benedikt Aİ və Mavriki arasında birinci tərəfdaşlıq dialoqu zamanı bildirib.
“Biz xüsusilə demokratiya, maliyyə, iqlim dəyişikliyi, Mavrikinin təbii ehtiyatlarının qorunması, ticarət və investisiyaların inkişafı və digər sahələrdə əməkdaşlığımızı gücləndirməyə çalışırıq. Bundan əlavə, biz Mavrikini beynəlxalq tədqiqat və innovasiya şəbəkələrinə inteqrasiya etmək üçün universitet tərəfdaşlıqları vasitəsilə innovasiya, təhsil və akademik mübadilə sahəsində birlikdə işləməyə hazırıq”, – avropalı diplomat vurğulayıb.
Görüşdə tərəflər 2025-ci ildə dərinləşdirilmiş iqtisadi tərəfdaşlıq haqqında sazişlə bağlı danışıqları başa çatdırmaq üçün səyləri artırmaq barədə razılığa gəliblər.
“Mavriki əldə edilmiş irəliləyişi qeyd edib və gələcək sazişin imzalanması yolunda daha çox çeviklik nümayiş etdirməyə çağırıb. Bu, Aİ ilə Saxaradan cənubda yerləşən Afrika ölkələri arasında azad ticarət haqqında ilk hərtərəfli və müasir sazişi olacaq “, – Aİ-nin dialoqun yekunlarına dair yaydığı bəyanatda qeyd olunub.