Bərpa olunan enerji hədəflərini konkret layihələrə çevirmək, buna hər bir qitədə, hər bir iqtisadiyyatda nail olmaq üçün birlikdə üç sahə üzrə irəliləyiş əldə etmək olar.

Bunu Avropa İttifaqının (Aİ) iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində keçirilən “Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi” adlı tədbirdə deyib.

O bildirib ki, ilk növbədə enerji şəbəkələrinə diqqət yetirilməlidir: “Bərpa olunan enerjinin üçqat artırılması və dünyanın elektrikləşdirilməsi enerji şəbəkəsinin həqiqətən əhəmiyyətli təkmilləşdirilməsini tələb edir. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, bu onilliyin sonuna qədər 25 milyon kilometr yeni və təkmilləşdirilmiş şəbəkə xətlərinə ehtiyac olacaq”.

Aİ komissarı qeyd edib ki, ikinci məsələ minerallarla bağlıdır: “Litium, kobalt və nadir torpaq elementləri batareyaların, günəş panellərinin əsasını təşkil edir. Bu minerallara qlobal tələbatın 2030-cu ilə qədər üç dəfə, bəziləri üçün (məsələn, litium) 2040-cı ilə qədər 44 dəfə artacağı proqnozlaşdırılır. Bu ehtiyatların hasilatı və emalı davamlı olmalıdır. Avropa olaraq bu məsələdə yüksək standartlar müəyyən etmək əzmindəyik. Məsələn, biz dünya üzrə 170 layihə müraciəti almışıq. Ancaq yalnız ekoloji və sosial standartlarımıza cavab verən layihələri dəstəkləyəcəyik. Bu yolla biz minerallar istehsal edən ölkələrə və onların xalqlarına öz torpaqlarının sərvətlərindən bəhrələnmək üçün real imkan yaradırıq”.

İstinadlar Report