
Avropa İttifaqı (Aİ) Avropa Komissiyasının (AK) casusluq ittihamı ilə İranda həbs edilmiş əməkdaşının dərhal azad edilməsini tələb edir.
Bunu Aİ-nin diplomatik xidmət nümayəndəsi Nabila Massralı bildirib.
“Aİ İsveç vətəndaşı və AK-nın əməkdaşı olan Yuhan Floderusu dərhal azad etməyə çağırır. Qurum İran tərəfi ilə bütün təmaslar zamanı bu məsələni gündəmə gətirmək niyyətindədir”, – o qeyd edib.
Qeyd edək ki, İran prokurorluğu Aİ-nin xarici siyasət xidmətində çalışan 33 yaşlı İsveç vətəndaşını İsrailin xeyrinə casusluq etməkdə ittiham edib. İran prokurorluğunun nümayəndəsinin sözlərinə görə, Floderus korrupsiyada, ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş addımlarda və s. ittiham olunub.