İki nəfər maskalı şəxs Balakən rayonu Katex kəndində tək yaşayan ahıl qadının evinə gecə saatlarında  daxil olaraq onun əllərini və ağzını bağlayıb, pul və qızılların yerini deməsi üçün bıçaqla hədə-qorxu gəliblər. Məqsədlərinə nail olduqdan sonra qadına xəsarət yetirib oradan uzaqlaşıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, quldurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri – Nicat Teneşov və Samir Abdulhəmidov tutularaq istintaqa təqdim ediliblər. Quldurluq yolu ilə ələ keçirdikləri qızılların bir qismi onlardan maddi sübut kimi götürülüb.

Davam etdirilən araşdırmalarla N.Teneşovun 5 il əvvəl – 2016-cı ilin aprel-may aylarında yaşadığı Katex kəndi ərazisində daha 3 fərdi yaşayış evindən ümumi dəyəri 10 min manata yaxın olan qızıl-zinət əşyaları, 4 min manat pul və 15 min rus rublunu oğurladığı,  izi itirmək üçün isə həmin evləri yandırdığı məlum olub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo