Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Ağstafa rayon şöbəsinin şəxsi heyətinin, icra hakimiyyəti aparatının, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə çağırışçı gənclər təntənəli mərasimlə hərbi xidmətə yola salınıb.

Dövlət Xidmətindən verilən məlumata görə, mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıb. O, Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıları, onların valideynlərini və yaxınlarını təbrik edərək, ordu quruculuğu prosesində qazanılmış uğurlardan danışıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin rəisi, mayor Nazim Çələbiyev çıxış edərək Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələrimizin modernləşdirildiyini və Azərbaycan ordusunun hazırda regionun ən güclü ordusuna çevrildiyini vurğulayıb. Bu gün hərbi xidmətə yola salınan gənclərin qorxmaz, cəsur və layiqli əsgər olacaqlarına inam ifadə edilib.

Oxumağa dəyər:   "Apple"ın əməliyyat sistemində şifrlənmiş məktubları oxumağa imkan verən boşluq aşkar edilib

Mərasimdə çıxış edən Aprel döyüşlərinin iştirakçısı Rufin Aslanov, şəhid atası Hüseyn Hüseynov, valideyn Fiqurə Yusibova çağırışçıların hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, vətənimizin, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmalarının, komandirlərin tapşırığını layiqincə yerinə yetirmələrinin vacibliyindən danışıb və gənclərə şərəfli əsgər həyatı arzulayıblar.

Çağırışçılar adından İlkin Qocayev Azərbaycan əsgəri adını şərəflə daşıyacaqlarını, hərbi sirlərə dərindən yiyələnəcəklərini, xalqımıza Aprel zəfərini yaşadanların davamçıları olacaqlarını söyləyib.

Rəngarəng konsert proqramı ilə müşayiət olunan mərasimin sonunda gənclər təntənə ilə Azərbaycan bayrağını öpərək həqiqi hərbi xidmətə yola düşüblər.