Xəbər verdiyimiz kimi, bu gün boz ayı yarılayıb, bahara bir həftə də yaxınlaşdığımız Od çərşənbəsidir. 

Xalq arasında Xəbərçi, Üskü və Addı kimi tanınan ikinci çərşənbənin maraqlı qədim inanclarını təqdim edir:

Türk dünyasının mifoloji qaynaqlarını araşdıran folklorçular tanrının öncə suyu, sonra torpağı, daha sonra yeli, ən sonda da günəşi oyandırdığına inanırdılar. Onlar ikinci çərşənbənin od deyil, Torpaq çərşənbəsi olduğunu deyirlər. 

Od, ilk növbədə, ev, ocaq deməkdir. Atəş türk xalqlarında müqəddəsliyi, qutsallığı qoruyan varlıqdır. Ona görə atəşə su tökülməz, ona pis söz deyilməz.

Od çərşənbəsində tonqalı hündür yerdə qalayar, insanlar həmin tonqalın başına yığışardı. Həmin tonqaldan hər kəs öz evinə od apararmış. “Od aparmağa gəlmisən?” ritorik sualı da bu bayramla əlaqədardır.

İnanca görə, Od çərşənbəsində yanan odun külünü axar suya tökərdilər. Dərd-bəla odda yanar, suda axardı. Odun üzərindən atlanmaqla köhnə ildən qalan əziyyəti arxada qoyur, yeni ilə təmiz girdiklərinə inanırdılar. Yandırılmış odun üstündən “ağırlığım, uğurluğum, dərdim, bəlam bu oda tökülsün” deyib tullanardılar.

Od çərşənbəsində qohumlar, qonşular yaslı evlərə gedib onlar üçün də “çərşənbə odu”nu yandırar, beləcə onları yasdan çıxararlar.

Bar verməyən ağacların dibinə həmin günü xına basdırmaq, qırmızı parça bağlamaq adəti də mövcuddur.

Od çərşənbəsində insanlar odun üstündən atlayar, sonra bütün bədənə tonqalın istisinin dəyməsinə çalışar, beləcə arındıqlarına inanardılar.

Bu çərşənbənin daha bir qədim adəti “Qodu-qodu” oyunları, açar falı, alma falı kimi rituallardır. Belə ki, açar falına çıxan şəxs özü ilə açar götürüb yol kənarında dayanardı. Açarı sağ ayaq altına qoyub, niyyət tutar, yoldan keçənlərin dedikləri əsasında niyyətlərinin çin olub-olmayacağını öyrənərdi. Açar niyyətin açarı anlamına gələrdi.

Od çərşənbəsində insanlar almanın birini nişanlayıb niyyət tutar, kiməsə həmin almaları təqdim edərdilər. Həmin adam nişanlanmış almanı götürərsə, bu niyyətin doğrulacağına işarə olurdu. 

“Qodu-qodu” oyununda gənclər əllərində çömçə ev-ev gəzib mahnı oxuyar, bayram payı toplayardılar. Bununla da Novruzun paylaşmaq, bölüşmək bayramı olduğunu göstərməyə çalışardılar.

Xatırladaq ki, martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 19-da qeyd olunacaq.

İstinadlar Qafqazinfo