İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin başçılıq etdiyi nümayəndə heyəti 15-18 may tarixlərində Serbiya Respublikasında işgüzar səfərdədir.

Nümayəndə heyətinə Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev, Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva, Hüquq departamentinin rəhbəri Aysel İbayeva, Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri Ramil Muxtarzadə daxildir.

Səfər çərçivəsində Agentliyin nümayəndələri Belqrad şəhərində “Taşmaydan” parkına gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, ulu öndərin əziz xatirəsini yad ediblər.

Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondunun rəhbəri Sanya Radoyeviç Şkodriçin dəvəti əsasında həyata keçirilən səfər zamanı Agentlik və Serbiyanın Milli Tibbi Sığorta Fondu arasında müvafiq təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanları barədə müzakirə aparılıb.  İki qurum arasında əməkdaşlığın hüquqi bazasının formalaşdırılması üçün anlaşma memorandumun imzalanmasına dair razılıq əldə olunub.

Serbiyanın tibbi sığorta sistemi, səhiyyə sisteminin maliyyələşdirilməsi, tibb müəssisələrinin idarəedilməsində sığorta sisteminin rolu və Serbiya təcrübəsinin öyrənilməsi ilə bağlı görüşlər keçirilib. Davamlı və əlçatan icbari tibbi sığorta sistemi, rəqəmsal səhiyyə xidmətlərinin inkişafı, resursların idarə edilməsində ən yaxşı təcrübələrin təhlili və cibdən ödənişlərin aradan qaldırılması mövzularında keçirilən təqdimatlardan sonra müzakirələr aparılıb.

Nümayəndə heyəti Belqradda fəaliyyət göstərən dövlət tibb müəssisələrində ilkin səhiyyə, ambulator, stasionar və təcili tibbi yardım xidmətlərinin təşkili ilə əyani tanış olublar.

Qeyd edək ki, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin davamlılığının təmin edilməsi məqsədilə Agentlik tərəfindən ikitərəfli və çoxtərəfli əsasda xarici dövlətlərin aidiyyəti qurumları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilir. 



İstinadlar Qafqazinfo