AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzinin Ağdam İcra Hakimiyyətiylə birgə təşkilatçılığı ilə Azərbaycanın Ermənistan üzərində zəfəri və dövlət müstəqilliyinin bərpası ilə əlaqədar olaraq “Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq simpozium davam edir.

Simpoziumun ikinci günü Ağdamda Heydər Əliyev Mərkəzində keçirilib.

Tədbirdə öncə simpozium iştirakçıları Ağdamda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyublar, xatirəsini ehtiramla yad ediblər.

Simpozumun birinci panelində iştirakçılar Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən Müharibəsindən bəhs edilib. Tədbir zamanı Azərbaycan-Türkiyə qardaşlığından da söz açılıb. Bildirilib ki, əzəldən olduğu kimi, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da qardaş ölkənin dəstəyini hiss edib. Bundan başqa, Azərbaycan və Türkiyə prezidentlərinin birgə imzaladığı Şuşa bəyannaməsinin vacibliyindən də söz açılıb. Bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, dönməzdir.

Simpoziumun ikinci və üçüncü panelində Azərbaycan və Türkiyə tarixiçiləri çıxış ediblər. Tədbirin sonunda Ağdam Musiqi Kollecinin tələbələrinin iştirakı ilə konsert proqramı təşkil olunub.

Qeyd edək ki, Simpoziumda Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzinin rəhbərləri də daxil olmaqla Türkiyə və Azərbaycandan 30-dan çox tarixçi-alim iştirak edir.

Simpozium sentyabrın 16-da Ağdamda işini davam etdirəcək. 3 gün davam edəcək simpoziumda iştirakçıların azad edilmiş ərazilərə səfərləri nəzərdə tutulur.

İstinadlar Report