Ağcabədidə qanunsuz tikili sökülüb – VİDEO

Ağcabədidə qanunsuz tikili sökülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən Ağcabədi-Ağdam avtomobil yolunun rayonun Şərəfxanlı kəndi ərazisindən keçən hissəsinə yaxın yerdə vətəndaş Ələmdar Məmmədzadə tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Ağcabədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
“Bu gün də Xankəndidə erməni əhalisi var, onlara söz deyən yoxdur” – Video

“Biz burada məskunlaşdırılmış erməni əhalisinə də o vaxt təklif etmişdik ki, gəlin, Azərbaycan Bayrağı altında yaşayın, Azərbaycan vətəndaşlığını qəbul edin və burada sizə söz deyən olmayacaq”.
Bunu Prezident İlham Əliyev ötən gün Ağdərə rayonunun Həsənriz kəndində sakinlərlə görüşündə bildirib.
“Bu gün də Xankəndi şəhərində erməni əhalisi var, onlara söz deyən yoxdur, əksinə, bizim sosial işçilərimiz onlara qayğı göstərirlər. Bax bizim xalqımızın böyüklüyü bundan ibarətdir. Onlar isə bizi bu torpaqlardan, qədim torpaqlarımızdan didərgin salmışdılar, soyqırımı törətmişlər, Azərbaycan xalqına olmazın əzablar vermişdilər, xalqımızın böyüklüyü məhz bundadır. Biz haqlı olan tərəfik, həm işğal dövründə öz haqq səsimizi ucalda bilmişik və bütün dünyaya sübut edə bilmişik ki, bu, bizim tarixi və hüquqi torpağımızdır”, – dövlət başçısı qeyd edib.
Prezidentin həmin çıxışının videosunu təqdim edirik:
Prezidentə şeir dedi, maraqla qarşılandı – Video

Prezident İlham Əliyevin ötən gün Ağdərə sakinləri ilə görüşü zamanı maraqlı anlar yaşanıb.
Görüşdə sakinlərdən biri yazdığı şeiri səsləndirib.
Onun bu addımı maraqla qarşılanıb və hər kəs tərəfindən alqışlanıb.
Həmin görüntüləri təqdim edirik:
Daha bir hotelin fəaliyyəti dayandırıldı – Video

Bakı şəhəri, Nəsimi rayonu, Rixard Zorge küçəsi, ev 8 ünvanında yerləşən “Rosemary Inn” hotelinin fəaliyyəti dayandırılıb.
Bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hoteldə yoxlama keçirilib.
Keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
– obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya lisenziyası olan təşkilat tərəfindən texniki qulluq göstərilməyib;
– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;
– obyekt yanğın su hovuzu, odsöndürən balon və daxili yanğın kranları ilə təmin olunmayıb;
– obyektdə tezalışan üzlüklərdən istifadə olunub, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb;
– köçürmə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması təmin olunmayıb;
– təxliyə planı mövcud deyil və insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb;
– təxliyə yolları yanar materiallarla bağlanılıb;
– mövcud havalandırma sisteminin istismara yararlılığı barədə müvafiq sənədlər təqdim olunmayıb;
– obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim edilməyib;
– obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Rixard Zorge küçəsi, ev 8 ünvanında yerləşən “Rosemary Inn” hotelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
“İndi tanklar da Bakıdadır, çay da içirlər…” – Video

“Əliyalın insanlara qarşı, qadına, uşağa, qocalara qarşı nə qədər çirkin əməllər etmişdilər, hərbi cinayətlər törətmişdilər. Vaxtilə bizi hədələyənlər indi məhkəmə qarşısında cavab verirlər”.
Bunu Prezident İlham Əliyev Ağdərə sakinləri ilə görüşdə ermənilərin “məşhur arzusu” barədə danışarkən deyib.
“Biz Bakıya tanklarla gəlib Bakıda çay içəcəyik”, – deyirdilər. Mən isə demişəm, indi tanklar da Bakıdadır – Qənimətlər Parkında, çay da içirlər lazım olan yerdə və xalq qarşısında, qanun qarşısında cavab verəcəklər. Ədalət budur! Ədalətin təntənəsi budur!”, – deyə Prezident bildirib.
Dövlət başçısının həmin çıxışının videosunu təqdim edirik:
Prezidentin sakinlərlə görüşünün – Videosu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
“Qafqazinfo” həmin görüşün videosunu təqdim edir:
Mehriban Əliyeva Ağdərədən paylaşım etdi – Video

Birinci vitse-prezident Mehriban Əliyeva instaqram hesabında Ağdərə rayonu, Həsənriz kəndindən paylaşım edib.
Paylaşımda deyilir:
“Ağdərə rayonu, Həsənriz kəndi. 18.03.2025. Uca Allah hər kəsə möhkəm cansağlığı, bol sevinc, sevgi və səadət, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət bəxş etsin! İlaxır çərşənbəniz mübarək!”
Nazirlikdən İlaxır çərşənbə ilə bağlı əhaliyə – Müraciət – VİDEO

Fövqəladə Hallar Nazirliyi İlaxır çərşənbə ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
Müraciətdə deyilir:
“İlaxır çərşənbədə keçirilən mərasimlər, xüsusilə tonqalların qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması isə sonda arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, İlaxır çərşənbə ilə bağlı mərasimlərdə aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır:
– bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;
– tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
– tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
– tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
– süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.
Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”
“Qayi Bulaq”ın fəaliyyəti dayandırıldı – Video

Qusar rayonu, Qayakənd kəndi ərazisində yerləşən “Qayi Bulaq” istirahət mərkəzində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, yoxlamalar Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılıb.
Belə ki:
– obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb;
– obyektdə standarta uyğun olmayan elektrik və qaz cihazlarından istifadə olunur;
– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;
– obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib.
– taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
– təxliyə planı mövcud deyil;
– obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Məlumatda qeyd olunub ki, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Bütün bunlar nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Qusar rayonu, Qayakənd kəndi ərazisində yerləşən “Qayi Bulaq” istirahət mərkəzinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Zərdabda “Mercedes” aşdı, sürücü öldü – Video

Dünən Zərdab-Kürdəmir yolunda ağır qəza baş verib.
“Mercedes” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, qəza nəticəsində avtomobilin sürücüsü vəfat edib: “Dünən günorta saatlarında Zərdab rayonunun İsaqbağı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər sakini A.Abbasov idarə etdiyi “Mercedes Benz” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil aşıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib.
Araşdırmalar aparılır”.
FHN ötən həftə 11 azyaşlını xilas edib – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında qurumun aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 745 yanğına çıxış, 29 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə FHN qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 38 nəfər xilas edilib, yanğınlar zamanı 2-si azyaşlı olmaqla 19 nəfər təxliyə olunub, 2 nəfər xəsarət alıb, 4 nəfərin meyiti təhvil verilib.
“Koroğlu”da izdiham… – Video

Bu gün səhər saatlarında metronun “Koroğlu” stansiyasında böyük izdiham yaşanıb.
Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Sərnişinlərin sözlərinə görə, izdiham giriş qapısına çatmamış başlayıb. Həmçinin stansiyada sərnişinlərin çantalarını yoxlamaq üçün qoyulan aparatlardan da birinin işləmədiyi, içəri daxil olanların əşyalarının yalnız bir aparat vasitəsilə yoxlandığı qeyd olunur.
İzdihamın səbəbi məlum deyil.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlamışıq.
Həmin görüntüləri təqdim edirik:
Xalqlarının sevgisinə müharibələri əngəl oldu – Rus pilotun ukraynalı xanımı – VİDEO

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin kapitanı, Milli Qəhrəman İqor Kşnyakinin xanımı Yana Kşnyakina “İTV”yə müsahibə verib.
Milli Qəhrəmanın xanımı onun illər əvvəl Ukraynaya etdiyi səfərdən bəhs edib.
Ukraynalı Yana ilə rus İqorun yolları da məhz orada, Xarkovda kəsişib. Onların 20 illik ailə həyatından iki övladı doğulub.
Maraqlısı isə budur ki, iki millətin nümayəndələrinin sevgi hekayəsi dövlətlərinin müharibəsi ilə yarıda qalır.
Məlum olduğu kimi, AZAL-ın Aktauda qəzaya düşən təyyarəsi Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın “Pantsır-S” HHM-i ilə vurulub.
Ətraflı videomaterialda:
Gədəbəyin Qızıl qala meşəliyində yanğın – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Qızıl qala meşəliyi adlanan mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu haqda “Qafqazinfo”ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş sahəyə yayılmasına, o cümlədən yaxınlıqdakı yaşayış evləri və kommunikasiya xətlərinə keçməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində dağlıq ərazidə 3 ha sahədə əsasən xəzəl, kol-kos və qurumuş ağac kötükləri yanıb. Yaşayış evləri, kommunikasiya xəttləri və meşə zolağı yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra orqanı iştirak edib.
Qabil Məmmədov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı – VİDEO

Azərbaycan Respublikası Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq rəsmi məlumat təqdim edib.
Həmin məlumata görə, təqsirləndirilən şəxs Qabil Əmrah oğlu Məmmədov barəsində Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 467-13.4 maddəsinin tələbinə əsasən rəsmi xəbərdarlıq olunub.
Bildirilib ki, Qabil Məmmədov şəxsiyyət vəsiqəsi ilə birlikdə 17 aprel 2025-ci il tarixində saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlı sahəsi, 3105-ci məhəllə ünvanında Baş Prokurorluğun İstintaq İdarəsinin İnzibati binasına gəlməlidir.
Cinayət Məcəlləsinin 24 maddəsi ilə ittiham olunan Qabil Məmmədov, 2015-2017-ci illər ərzində ayrı-ayrı şəxsləri dövlət orqanlarında işə düzəltmək və onlara pensiya və sosial müavinət veriləcəyi adı ilə 10 nəfəri aldadıb. Həmin şəxslərdən 29 597 manat pul alıb. O, eyni zamanda sosial media hesablarından açıq terrorçuluğa çağırışlar edib.
Qeyd edək ki, daha öncə Qabil Məmmədov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib və axtarışa verilib.
Daha ətraflı İctimai TV-nin videomaterialında:
Bakıda sexdə yanğın olub – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ziya Bünyadov prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tamet sexində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 150kv.m olan sexin dam örtüyünün taxta atmaları və içərisinə yığılmış rezin qəliblər 65kv.m sahədə yanıb.
Obyektin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
Çevik Polis Alayında xidmət etmək istəyənlərin nəzərinə! – Video

Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.
Ünvan: Bakı ş. Xətai rayonu 8 Noyabr prospekti 69
Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590 64 68, (012) 590-80-66; (012) 590-94-12; (012) 590-98-37; (012) 590-93-64; (012) 590-97-52.