Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi, ev 13 ünvanında fəaliyyət göstərən Məmmədov Seymur Fikrət oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində yoxlama keçirilib.

Bu barədə AQTA məlumat yayıb.

Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, sanitariya norma və qaydalarına, gigiyena tələblərinə əməl olunmadığı üzə çıxıb.

Müəssisədə istehsal olunan qatıq, dovğa və kəsmik məhsullarından nümunələr götürülərək, laborator analizlərin aparılması üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Aparılmış müayinələr nəticəsində, “Ağ süd” əmtəə nişanlı pəhriz kəsmiyinin normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi, qatıq məhsulunda isə bağırsaq çöpü qrupu bakteriyaları (BÇQB) aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisədə süd məhsullarının istehsalı məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.