Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) COVID-19 ilə bağlı diaqnostika üçün 80 ölkəyə avadanlıqlar təqdim edib, tədarüklər yaxın günlərdə və həftələrdə də davam edəcək.

Bu barədə Agentliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, söhbət test prosesini sürətləndirmək üçün diaqnostik avadanlıq və alətlərdən, reaktivlərdən və istehlak materiallarından, həmçinin fərdi mühafizə üçün avandanlıqlardan və götürülmüş nümunələrin təhlükəsiz təhlili üçün laboratoriya kabinetlərindən ibarət 250 dəstədən gedir.

“120 ölkə yardım üçün bizə müraciət etmişdi. Biz AEBA tarixində ən böyük yardım əməliyyatını həyata keçirdik. Ölkələrə tərs transkripsiya polimeraz zəncirvari reaksiya (RT-PCR) üçün avadanlıq, habelə test və nümunə götürmə üçün materiallar təqdim edərək yardım göstəririk”, – AEBA-nın Baş direktoru Rafael Qrossi deyib.

Qeyd edək ki, RT-PCR metodu bir neçə saat ərzində virusun olub-olmadığını dəqiq müəyyənləşdirməyə imkan verir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Son məlumatlara görə, dünyada yeni növ koronavirusa yoluxma hallarının sayı 6,5 milyonu keçib, 386 mindən çox insan virusun qurbanı olub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

İstinadlar Report