Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib. Dövlət başçısı həm beynəlxalq aktorlara, həm də Ermənistan hərbi-siyasi rəhbərliyinə ciddi mesajlar ünvanlayıb. Ölkə rəhbəri bildirib ki, “Qisas” əməliyyatı qısa müddətli, amma çox təsirli cəza tədbiri idi. Həmçinin Prezident ermənilərin torpaqlarımızdan, o cümlədən Laçından çıxarılmasının vacibliyini söyləyib. Dövlət başçısı diqqətə çatıdırıb ki, Azərbaycanın öz ərazisində hərbi əməliyyatlar aparmasına kimsə mane ola bilməz.

Prezidentin müsahibəsindəki ismarıcları “Report”a təhlil edən Bakı Politoloqlar Klubunun rəhbəri, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov deyib ki, regional və buradakı proseslərdə maraqlı olan aktorlar səslənən bəyanatlardan dərs götürməlidirlər:

“Dövlət başçısı bizim nəyi, nə zaman, necə etməyi bildiyimizi bir daha xatırlatdı. Əsas hədəflərin bizim üçün məlum olduğunu bildirdi. Ölkə rəhbəri vurğuladı ki, Azərbaycan öz ərazisində istənilən vaxt hərbi əməliyyatlar apara bilər. Yəni qanunsuz erməni hərbi birləşmələri torpaqlarımızdan çıxmazlarsa, biz yeni antiterror əməliyyatlarına başlaya bilərik. Çox güman ki, Laçın şəhəri boşaldıldıqdan sonra həll edilməli növbəti məsələ erməni terrorçularının Qarabağdan çıxarılması olacaq. Prezidentin Qarabağdakı ermənilər haqqında söylədikləri də ciddi mesajdır. Onlar ölkəmizdə digər etnik qruplar kimi yaşayacaqlar, ermənilərə heç bir əlavə imtiyaz, hüquq verilməyəcək. Son vaxtlar bəzi dövlətlər ermənilərə hansısa statusun verilməsi məsələsini gündəmə gətirirlər. Onlar başa düşməlidirlər ki, bunlar sadəcə illüziyadır”.

Z.Məmmədovun sözlərinə görə, hazırda regional proseslərdə əsas siyasi oyunçu Azərbaycandır:

“Artıq beynəlxalq aktorlar Azərbaycanın dövlət maraqlarını nəzərə alırlar və bizimlə hesablaşırlar. Ermənistan, o cümlədən Qarabağdakı ermənilər də yeni reallığı qəbul etməlidirlər. Həm Ermənistan iqtidarı, həm də müxalifəti artıq yeni mərhələnin başlandığını anlamalıdırlar. Əslində, onlar vəziyyətin nədən ibarət olduğunu bilirlər. Əks halda, əvvəl olduğu kimi, yenə də etirazçıların müxtəlif bəyanatlarını, aksiyalarını görərdik. Lakin bu dəfə belə mitinqlərin şahidi olmadıq. Müxalifət proseslərin hansı istiqamət üzrə inkişaf edəcəyini anlayır. Sadəcə, müxtəlif siyasətçilər bəzən ənənələrinə sadiq qalaraq xalqı aldatmağa çalışırlar. İrəvan bilməlidir ki, Azərbaycana qarşı ərazi iddiaları davam edərsə, biz də tarixi torpaqlarımız olan Zəngəzur, İrəvan və Göyçənin taleyi məsələsini gündəmə gətirə bilərik”.

Politoloqun fikrincə, rəsmi Bakı bundan sonra da tələblərinin yerinə yetirilməsinə nail olacaq:

“Ermənistan ən çox Qarabağdakı Rusiya sülhməramlıların mövcudluğuna arxayın idi. Qarşı tərəf elə düşünürdü ki, Azərbaycan bunu nəzərə alıb əməliyyatlara başlamaz. Hətta ola bilsin ki, İrəvan Bakı ilə Moskva arasında münasibətlərin pozulacağına ümid edirdi. Lakin biz “Qisas” əməliyyatı nəticəsində sülhməramlılarla hansısa fiziki təmasa ehtiyac olmadığını göstərdik. Azərbaycan hava yolu ilə düşmənin istənilən hədəfini məhv edə bilər. İkinci bir tərəfdən, Ukraynadakı müharibə, Türkiyə və Azərbaycanla dialoqu nəzərə alan Rusiya başa düşür ki, biz yeni istək irəli sürmürük, sadəcə, üçtərəfli razılaşmanın şərtlərinin icra olunmasını tələb edirik. Laçın dəhlizinin ləğvi və onun yeni yolla əvəz edilməsi, həmçinin qanunsuz erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılması bizim əsas tələblərimiz sırasındadır. Terrorçuların Qarabağdan çıxarılması məsələsində, əlbəttə, sülhməramlıların üzərinə böyük məsuliyyət düşür”.

Analitik düşünür ki, Laçın dəhlizinin ləğvi ciddi nəticədir:

“Çünki onlar bu yolla Qarabağın dağlıq hissəsinə gedirdilər. Biz yenə onlara bu şansı veririk. Lakin daha söhbət dəhlizdən yox, yoldan gedir. Ermənistan özünü qeyri-adekvat apararsa, ərazidə keçid məntəqələri yaradıla, giriş-çıxış məhdudlaşa bilər. Hazırda Qarabağın dağlıq hissəsində yaşayan 10 min erməni saylarının azalmamasını istəyirsə, sülhü arzulayırlarsa, ən yaxın zamanda Azərbaycana inteqrasiya olmalıdırlar”.

İstinadlar Report