Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti gündəlik 300 min kubmetr dəniz suyunu duzsuzlaşdıraraq şəbəkəyə ötürməyi planlaşdırır.
Bunu “ACWA Power”ın Azərbaycan və Türkiyə üzrə direktoru Selim Güven jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın su ehtiyatlarının 70 %-i xarici ölkələrdə formalaşır: “Bu baxımdan dəniz suyunun duzsuzlaşdırılması xüsusi əhəmiyyət daşıyır”.
S. Güven vurğulayıb ki, layihə Azərbaycanın su təhlükəsizliyini təmin edəcək və Bakının su tələbatını ödəməyə töhfə verəcək: “Dəniz suyunun duzsuzlaşdırılması üzrə inşaat işlərini 2,5 il ərzində tamamlamayı planlaşdırırıq”.
Qeyd edək ki, “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsium Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsini reallaşdıracaq. Konsorsium İqtisadiyyat Nazirliyi tərəfindən 2024-cü il fevralın 8-də elan edilmiş müsabiqənin qalibi olub. Konsorsiumun digər üzvü Türkiyənin “IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” şirkətidir.