Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Abşeron rayonunda mütəmadi olaraq vətəndaşlarla səyyar görüşlər keçirilir.

Keçirilən qəbulların məqsədi sakinləri narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların üzləşdikləri problemləri vaxtında aradan qaldırmaqdır.

Görüşlərdə RİH başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və sakinlər iştirak ediblər. 

Şəhid və qazi ailələrinə, Vətən Müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən ətraflı bəhs edən Abdin Fərzəliyev əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən söz açıb. 

Bildirilib ki, son üç ay ərzində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına Parkda cari təmir işləri aparılıb, yaşıllıq zonaları bərpa edilib. Şəhərin Nəsibə Zeynalova küçəsində abad məhəllə yaradılıb, Xırdalan şəhərində 4 binanın ümumi sahəsi 5400 kv.m olan dam örtüyü yenilənib, 3 binanın giriş və pilləkən qəfəslərində təmir-abadlıq işləri aparılıb. Mehdiabad qəsəbə Parkında yerləşən Şəhidlər Xatirə Kompleksində əsaslı təmir işləri aparılıb.

Masazır və Mehdiabad qəsəbəsinin bir neçə küçəsi kanalizasiya xətti ilə təmin olunub. Rayon ərazisində avtomobil axınının tənzimlənməsi məqsədi ilə sakinlərin müraciəti əsasında 5 yeni işıqfor və surət ölçən radarlar quraşdırılıb. Yağış və qrunt sularının axıdılması məqsədilə Saray və Qobu qəsəbəsində ümumi uzunluğu 450 metr olmaqla yerüstü və yeraltı kanal çəkilib. Son 3 ayda rayon ərazisində 1000-dən çox həmişəyaşıl ağac əkilib. Ümumilikdə son bir neçə ay ərzində rayon üzrə 14 küçə, ümumilikdə 16 kilometrə yaxın ərazi asfaltlanıb, 27 küçə abdalaşdırılıb, müxtəlif materiallar tökülərək yayılaraq sakinlərin istifadəsinə verilib. 

Vurğulanıb ki, Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında ötən il Bakı Abadlıq İdarəsi tərəfindən rayon ərazisində 111 km uzunluğunda olan 86 küçəyə gecə işıqlandırılması çəkilib. Cari ildə isə 200 km uzunluğunda, ümumilikdə 233 küçənin gecə işıqlandırılması ilə təmin olunması planlaşdırılıb. 

O cümlədən bildirilib ki, Rayon İcra Hakimiyyəti tərəfindən mütəxəssislərin də rəyi nəzərə alınmaqla, “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi”nin layihəsi hazırlanıb. Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub.

Qəbullarda sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər yerində həll olunmuş, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.