Abşeron rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd edilib.Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və rayonun təhsil ocaqlarının əməkdaşları iştirak edib.

İştirakçılar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin büstünü ziyarət edib, önünə çiçəklər düzüblər.

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə dövlət himni oxunub, Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək ölkəmizdə, o cümlədən Abşeron rayonunda görülən işlərdən ətraflı danışıb. RİH başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyev daima təhsil işçilərinə böyük diqqət və qayğı ilə yanaşıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Təhsil ocaqlarının maddi-texniki bazasının günü-gündən gücləndirilməsi, müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan islahatlar şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bildirilib ki, Birinci Vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Fond ölkədə məktəb tikintisi ilə yanaşı təhsil müəssisələrinin əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir”.

Bu ilin sentyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilən 2 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub. Eyni zamanda sentyabrın 14-də Masazır kənd 6 saylı tam orta məktəbin yeni inşa olunan binasının açılışı olub.

Daha sonra Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən fəaliyyətində fərqlənən bir qrup təhsil işçisinə Fəxri Fərman və qiymətli həiyyələr təqdim olunub.