ABŞ son ana qədər Xəzərin hüquqi statusuna dair danışıqlara təsir göstərmək istəyirdi

Belə bəyanatla Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov “Kommersant”a müsahibəsində deyib. Səfir Bratçikov Xəzərin statusuna dair danışıqlarında Rusiya nümayəndə heyətinə başçılıq edirdi.

“Regiondan kənar oyunçuların danışıqlara təsir etmək cəhdləri 20 illik danışıqların bütün gedişi ərzində müşahidə olunub, lap son məqama qədər”-diplomat deyib.

Bratçikovun bildirdiyinə görə Xəzərə bu regiondan kifayət qədər uzaqda olan ölkələr, o cümlədən Avropa İttifaqının hüdudlarından xaricdə olan ölkələr maraq göstəriblər. “Söhbət ABŞ-dan gedir?” sualına diplomat “O cümlədən” deyə cavab verib.

Diplomat qeyd edib ki, Rusiya Xəzərin su səthinin sahilyanı ölkələr arasında bölünməsinə qarşı çıxıb. Moskva təklif edib ki, dənizin dibi bölünsə də su səthi ümumi istifadədə qalmalıdır.

“Danışıqların müəyyən mərhələsində biz partnyorlarımıza güzəştə getdik və razılaşdıq ki, bütün sahilyanı ölkələrin milli suverenliyi altında 15 mil enində sahilyanı zonası və ona bitişik balıqılıq zonası olsun. Qalan su səthi isə bütün xəzəryanı ölkələrin gəmiçilik və digər növ fəaliyyətləri üçün ümumi istifadəsində qalacaq”-İqor Bratçikov deyib.

Oxumağa dəyər:   İqtisadiyyat naziri Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Diplomatın bildirdiyinə görə Xəzərin statusuna dair Konvensiya hərbi-dəniz donanmalarının sahilyanı ölkələrin ərazi sularının hüdudlarından kənarda sərbəst hərəkətinə imkan verir.

Xatırladaq ki, Xəzərin statusuna dair Konvensiyanın imzalandığı Aktau sammitinə bir gün qalmış ABŞ Konqresinin Nümayəndələr palatasının kəşfiyyat komitəsinin rəhbəri Devin Nunes Bakıda və Astanada səfərdə olmuşdu.