ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün müsadirəsi, habelə Çinə qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı qanun layihələri prosessual səsvermədən keçib.

Prosessual səsvermədən əvvəl qanun layihələri üzrə qısa müzakirələr aparılıb.

Qeyd edək ki, qanun layihələri aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Paketin həcmi 95 milyard dollar təşkil edir. Bura Ukrayna üçün 61 milyard dollar, İsrail üçün 26 milyard dollar, həmçinin Qəzza zolağı da daxil olmaqla, münaqişə zonalarında mülki insanlara humanitar yardım göstərmək üçün vəsait daxildir.

Senatda yekun təsdiqdən sonra qanun layihələri imzalanmaq üçün ABŞ Prezidenti Cozef Baydenə göndəriləcək. Amerika lideri artıq layihələri imzalamağa söz verib.