ABŞ-ın Moskvadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə amerikalı Trevor Ridin sərbəst buraxılmaması ilə bağlı etiraz notası verib.

Bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin saytında bildirilib.

ABŞ Rusiyadakı müvəqqəti işlər vəkili Bartl Qorman deyib ki, ABŞ vətəndaşına 16 gündür konsulluq xidmətinin göstərilməsinə buraxılmaması ilə əlaqədar uyğun nota iyunun 10-da Rusiya XİN-ə təqdim edilib.

Qeyd olunub ki, bu il mayın 25-də Riddə koronavirus aşkarlanıb. Ailə üzvləri və səfirlik əməkdaşlarının onunla telefonla danışmasına icazə verilməyib. Yaxınlarına və səfirliyə ABŞ vətəndaşının saxlanıldığı yerdən səhhəti ilə bağlı məlumat verilməməsi də vurğulanıb.

Bir müddət əvvəl ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Rusiya prezidenti Vladimir Putini iyunun 16-da həmkarı Cozef Baydenlə görüşdən əvvəl Trevor Ridi azadlığa buraxmağa çağırmışdı.

İstinadlar Report