
ABŞ ərazisinə qanunsuz daxil olan miqrantlar hərbi təyyarələrlə ölkədən hər gün deportasiya ediləcək.
Bunu ABŞ Prezidenti Donald Tramp tərəfindən sərhəd təhlükəsizliyi və qanunsuz miqrantların deportasiyası üzrə məsul şəxs təyin edilmiş Tomas Homan ABC telekanalına müsahibəsində bildirib.
Homan qeyd edib ki, bu uçuşlar miqrantların deportasiyası üzrə daha geniş planın yalnız bir hissəsidir. O həmçinin qanunsuz miqrantlara problemin həlli üçün başqa bir variant – könüllü getməyi təklif edib.
“Əgər siz ölkədə qanunsuz olarsınızsa, biz sizinlə məşğul olacağıq, çünki bu ölkənin qanunlarını pozmaq olmaz. Siz başa düşməlisiniz ki, bu ölkənin sərhədini qanunsuz keçməklə qanunu pozursunuz. Beləliklə, ölkədə qanunsuz olarsınızsa, sizin problemləriniz var. Ümid edirəm ki, belə insanların hamısı gedəcək”, – rəsmi şəxs vurğulayıb.