
ABŞ hökuməti xarici ölkələrə hərbi yardım proqramı çərçivəsində Argentinaya müdafiə ehtiyacları üçün 40 milyon dollar ayıracaq.
Bu barədə ABŞ-nin Argentinadakı səfirliyinin bəyanatında deyilir.
“ABŞ qürurla bildirir ki, xarici dövlətlərə müdafiənin modernləşdirilməsini dəstəkləmək üçün hərbi yardım proqramı çərçivəsində Argentinaya 40 milyon dollar ayırır. Bu, Argentinanın ABŞ hərbi yardım proqramından vəsait aldığı 2003-cü ildən ilk dəfədir”, – Amerika diplomatik missiyasından bildirilib.
Səfirlik əlavə edib ki, yardım Argentinaya ayrılmış vəsaiti “ABŞ-də müdafiə məhsulları, təlim və xidmətlər üçün xərcləməyə, həmçinin Birləşmiş Ştatların Silahlı Qüvvələri ilə əməkdaşlığı yaxşılaşdırmağa” imkan verir.
“Bu yardım Argentinanın hərbi modernləşdirmə səylərini dəstəkləyəcək və ölkənin səsdən sürətli F-16 qırıcı təyyarələrinin alınmasına kömək edəcək”, – məlumatda deyilir.