ABŞ-ın BMT-dəki nümayəndəsi Rusiyanın son raket hücumlarını “utancverici” adlandırıb

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Rusiyanın Ukraynanın kritik infrastrukturuna hədəflənmiş raket hücumlarını müharibənin “utancverici eskalasiyası” adlandırıb.

Bu barədə diplomat Ukraynanın enerji infrastrukturuna raket zərbələrinin son dalğasından sonra çağırılan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edərkən danışıb.

Onun BMT TŞ-nin iclasında qeyd etdiyi kimi, Rusiyanın belə strategiyası “qeyri-insani”dir:

“Gəlin açıq danışaq, bunlar kritik infrastruktura qarşı hücumlardır və Rusiyanın qəddar və əsassız müharibəsində utancverici eskalasiyadır”.

Linda Tomas-Qrinfildin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukrayna xalqına böyük iztirablar gətirmək üçün qış soyuğunu silaha çevirməyə çalışır. ABŞ nümayəndəsi qeyd edib ki, Kreml döyüş meydanında böyük məğlubiyyətlərə görə belə taktikaya əl atıb.

Diplomat vurğulayıb ki, Rusiyanın mülki infrastruktura hücumları o qədər kütləvidir ki, Ukraynadan kənarda elektrik enerjisinin kəsilməsinə səbəb olub. Bundan əlavə, Ukraynanın nüvə obyektlərində ciddi risklər yaradıblar. Bu səbəbdən o, BMT-yə müraciət edərək Rusiya işğalçılarının hərəkətlərini “qətiyyətlə və qeyd-şərtsiz” pisləməyə çağırıb.

ABŞ-ın daimi nümayəndəsi bu cür hərəkətlərə görə Rusiyanın məsuliyyəti mexanizminin yaradılmasına nail olmağın vacibliyini də vurğulayıb:

“Biz Ukrayna xalqını dəstəkləmək üçün əlimizdən gələni etməliyik”.

Xatırladaq ki, noyabrın 23-də Rusiya növbəti dəfə strateji aviasiyanın təyyarələri Qara dəniz donanmasının gəmilərindən Ukraynanın kritik infrastrukturuna kütləvi raket hücumu həyata keçirib.Qarşı tərəf 70-ə yaxın “X-101” və ya “X-555” və “Kalibr” qanadlı raketləri buraxıb, Ukraynanın hava hücumundan müdafiəsi onların 51-ni zərərsizləşdirib. Həmçinin Beş kamikadze dron da məhv edilib.

Raket hücumu bütün atom elektrik stansiyalarının, istilik və su elektrik stansiyalarının əksəriyyətinin müvəqqəti dayanmasına səbəb olub. Elektrik ötürücü qurğulara da ziyan dəyib. Ukrayna ərazisinin böyük hissəsi işıqsız və susuz qalıb.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, noyabrın 23-də Rusiyanın raket zərbələri nəticəsində 10 dinc sakin həlak olub.

Rusiyanın Ukraynanı atəşə tutması sonucunda Moldovanın da bəzi bölgələrində elektrik enerjisi kəsilib.

“Bu gün bizdə noyabrın 15-dəki vəziyyətin təkrarı var. Rusiyanın son bir saatda Ukraynanın enerji sistemini bombardman etməsindən sonra bütün ölkədə elektrik enerjisinin verilişində kütləvi fasilələr yaşayırıq”, – baş nazirin müavini Andrey Spinu bildirib.

Moldova Prezidenti Maya Sandu sosial şəbəkədə “Rusiya Moldovanı qaranlıqda qoyub” yazıb:

“Rusiyanın Ukraynadakı müharibəsi insanları öldürür, evləri və enerji infrastrukturunu raketlərlə məhv edir. Ukraynada hücumlar davam edir. İnsanlar yaralılarını dağıntılar altından çıxarır”.

İstinadlar Report