Tennessi ştatının Piceon Forc şəhərindəki “Titanic Museum”da ötən gecə buzlu divarın uçması nəticəsində 3 qonaq xəsarət alıb.

Bu barədə muzeyin mülkiyyətçisi olan Mari Kelloq Coslin və Con Coslin feysbuk səhifəsindən xəbər paylaşıblar. Xəbərdə muzeyin hazırda bağlı olduğu bildirilir: “Düşüncə və dualarımızda xəsarət alanların, həmçinin onların ailələri və dostlarının yanındayıq”.

Xəsarət alanların xəstəxanaya yerləşdirildiyi bildirilir. Hadisənin səbəbi məlum deyil.

Qeyd edək ki, 1912-ci ildə inşa olunan və dünyanın ən böyük sərnişin gəmisi kimi qəbul edilən “Titanic” gəmisinə və sərnişinlərinə aid sözügedən muzeydə 400-dən çox əşya nümayiş olunur. Muzeyin saytına görə, qonaqlar məşhur gəmidəki “Böyük pilləkən”də, üçüncü sinif dəhliz və otaqlarında dolaşmaq, hətta həqiqi buz parçasına əl vurmaq və s. imkanlardan yararlanaraq həmin gəmidə səyahət edənlərlə eyni ab-havanı hiss etmək imkanı qazanırlar.

ABŞ, habelə başqa ölkələrdə fəaliyyət göstərən “Titanic” muzeylərindən biri olan həmin məkan “Cedar Bay Entertainment, LLC” şirkətinə məxsusdur və 2010-cu ilin aprel ayında açılıb.

İstinadlar Report