Külli miqdarda mənimsəmədə ittiham olunan Bakı şəhər 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının rəhbəri işləmiş Rəsul Baxşəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Baxşəliyev 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Törətdiyi əməllərlə bağlı onunla əlbir olan müavini isə 5 il həbs edilib.

Qeyd edək ki, Rəsul Baxşəliyevin 71 yaşı var. O, 1992-2021-ci illərdə baş həkim işlədiyi dövrdə bir sıra şəxslərin adlarını xəstəxanada bağban, tibb bacısı, sanitar, həkim kimi rəsmiləşdirdiyi, lakin özlərinin işə gəlmədiyi, maaşlarının isə mənimsənilməsində təqsirli bilinir.

İttihama görə, həmin xəyali işçilərə məxsus maaş kartlarının bəziləri də baş həkimin müavini Zinyət İbrahimovada olub. İbrahimova hər ay o kartlardan maaşları çıxararaq baş həkimə çatdırıb. Adları işçi kimi rəsmiləşdirilib, əslində isə xəstəxanada işləməyən şəxslərin adlarına açılmış maaş kartları vasitəsilə 2009-2021-ci illərdə dövlət büdcəsinə 629 min manat ziyan vurulub.

Amin Nəzərli