Xəbər verdiyimiz kimi, 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan edilib.

Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi Abituriyent jurnalının 7-ci sayına əsasən III qrup üzrə müəyyənləşdirilmiş keçid ballarını təqdim edirik:

Bu qrup üzrə Bakı Dövlət Universitetində əyani təhsil formasında, ödənişli ixtisasda ən aşağı keçid balı Qazax filialındadır. Keçid balı 302.9 olan ixtisas “Məktəbəqədər təhsil”dir. Həmin ixtisasda dövlət sifarişi üzrə keçid balı isə 375.2 baldır.

BDU-da jurnalistika ixtisasında əyani təhsil formasında ödənişli ixtisasın keçid balı 350 baldır. 372.4 keçid balıyla dövlət sifarişi əsasında təhsil ala bilərsiniz.

BDU-da ən yüksək keçid balı olan Hüquqşünaslıq ( ingilis dilində) ixtisasının həm ödənişli, həm də dövlət sifarişli keçid balı 651.3-dür. Adıçəkilən ixtisas üzrə illik təhsil haqqı 4 500 manat təşkil edir.

Sözügedən universitetdə həm ödənişli, həm də dövlət sifarişli Dövlət və ictimai münasibətlər ( tədris ingilis dilində) ixtisasının da keçid balı 592.7-dir.

Azərbaycan Dövlət Pedaqoji Universitetində Quba filialında ibtidai sinif müəllimliyi üzrə əyani təhsildə ödənişli ixtisasın keçid balı 271.7-dir. Dövlət sifarişin keçid balı isə 375.1-dir.

Xarici dil müəllimliyi (fransız dili) üzrə əyani təhsilin ödənişli keçid balı 365.2-dir. Bu ixtisasda dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış abituriyent yoxdur.

Ən yüksək keçid balı isə Azərbaycan dili və ədəbiyyatı müəllimliyidir. Burada ödənişli təhsilin keçid balı 479.4-dür.  Dövlət sifarişli təhsilin keçid balı 480-dir.

III qrupda Azərbaycan Dövlət İqtisad Universitetinə bir ixtisas seçimi verilib. Söhbət Sosial iş ixtisasından gedir. Həmin ixtisasın da həm ödənişli, həm də dövlət sifarişli keçid balı 488 baldır.

Dövlət Gömrük Komitəsinin Akademiyasına da bu qrup üzrə bir ixtisas seçimi verilib. Belə ki akademiyanın Hüquqşünaslıq ixtisasının ödənişli təhsil üzrə keçid balı 564.6, dövlət sifarişli keçid balı isə 602.1-dir.

Azərbaycan Dillər Universitetində ən aşağı keçid balı Jurnalistika ( ingilis dilində)  ixtisasındadır. Belə ki, bu ixtisasın ödənişli keçid balı 358.3-dür. Dövlət sifarişli keçid balı isə 371.7-dir.

Ən yüksək keçid balı olan ixtisas Dil və ədəbiyyat müəllimliyidir. ( ingilis dili üzrə). Belə ki, həm ödənişli, həm də dövlət sifarişli keçid balı 573.1-dir.

Bakı Slavyan Universitetində ən aşağı keçid balı 304.9 baldır. Söhbət Tərcümə (çex dili) ixtisasından gedir. Bu ixtisasda dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış abituriyent yoxdur.

Ən yüksək keçid ballı ixtisas isə Tərcümə ( ingilis dili) dir. Həmin ixtisasın ödənişli keçid balı 425.7, dövlət sifarişli keçid balı isə 486.4-dür.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında ən aşağı keçid balı 553.3-dür. Söhbət Politologiya ixtisasından gedir. Həmin ixtisasın dövlət sifarişli keçid balı da eynidir.

Ən yüksək keçid balı isə 646.8-lə Hüquqşünaslıq ixtisasıdır. Bu ixtisasın ödənişli əsaslarla keçid balı da eynidir.

ADA-da ən aşağı keçid balı olan dövlət sifarişli ixtisas Dövlət və ictimai münasibətlərdir ( tədris ingilis dilində). Bu ixtisasın keçid balı  522.8-dir. Ən yüksək  keçid balı isə Hüquqşünaslıq ixtisasındadır. Bu ixtisasda dövlət sifarişli təhsilin keçid balı 560.9-dur.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində  ən aşağı keçid balı olan ixtisas Sənətşünaslıq ( təsviri sənətin tarixi və nəzəriyyəsi ) ixtisasıdır.  Bu ixtisasın keçid balı ödənişli təhsil üzrə 293 baldır. Dövlət sifarişın keçid balı isə 349.1-dir.

Ən yüksək keçid balı isə Sosial iş ixtisasındadır. Belə ki, burada həm ödənişli, həm də dövlət sifarişli ixtisasın keçid balı 414.9-dur.

Azərbaycan Turizm və Menecment Universitetində ən aşağı keçid balı olan ixtisas Muzey, arxiv işi və abidələrin qorunması ixtisasıdır. Bu ixtisasın həm dövlət sifarişi, həm də ödənişli keçid balı 370.4-dür.

Ən yüksək keçid balı isə Sosial iş ixtisasındadır. Tələbələr 447.2 balla bu ixtisasda pullu, 447.8 balla isə pulsuz təhsil ala bilərlər.

Sumqayıt Dövlət Universitetində ən aşağı keçid balı 307.1-dir. Söhbət Məktəbəqədər təhsil ixtisasından gedir. Bu ixtisasda dövlət sifarişli keçid balı 372.8-dir.

Ən yüksək keçid balı isə Xarici dil müəllimliyi ( ingilis dili) 392.2-dir. Həmin ixtisasda dövlət sifarişi yoxdur.

Özəl təhsil müəssisəsi olan  Xəzər Universitetində ən aşağı keçid ballı ixtisas Filologiya (  ingilis dili ədəbiyyatı , tədris ingilis dilində) 249.8-dir. Bu ixtisasın dövlət sifarişi yoxdur. Ən yüksək keçid balı isə İbtidai sinif müəllimliyidir. Bu ixtisasın həm dövlət, həm də ödənişli keçid balı 458.2-dir.

Odlar Yurdu Universitetində ən aşağı keçid balı qiyabi təhsil formasında 258.3 baldır. Əyani təhsil formasında isə ən aşağı keçid balı Məktəbəqədər təhsil ixtisasındadır. Tələbələr 265.3 balla pullu, 372.9 balla isə pulsuz təhsil ala bilərlər.

Qərbi Kaspi Universitetində ən aşağı keçid balı Tarix ( tədris ingilis dilində) və Politologiya ( tədris ingilis dilində) ixtisaslarıdır.  Hər iki ixtisasın ödənişli keçid balı 200 baldır.  Bu ixtisaslarda dövlət sifarişi yoxdur.

Burada ən yüksək keçid ballı ixtisas isə Sosial işdir. Bu ixtisasda 282.2 balla pullu, 406.7 balla pulsuz təhsil almaq mümkündür.

Qeyd edək ki, III qrupda ən yüksək keçid balı 651.3-dür. Bu, Bakı Dövlət Universietinin Hüquqşünaslıq ( ingilis dilində) ixtisasıdır.