6 aydır komada olan Vətən müharibəsi iştirakçısı, 26 yaşlı Nurlan Əbilov şəhidlik zirvəsinə ucalıb. 

Bu şəhidin həyat yoldaşı Aydan Əbilova məlumat verib. Onun sözlərinə görə, N. Əbilov bu gün səhər saat 7:00-da şəhid olub. O, doğulduğu Masallı rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, Nurlan Fərrux oğlu Əbilov 1994-cü ildə Masallı rayonun Ağakişibəyli kəndində anadan olub. Atasını uşaq ikən itirib, anası isə 4 il öncə rəhmətə gedib. O, Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qatılıb, 8 oktyabrda Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanıb. Yaralanandan da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb. 

Şəhidin 3 və 5 yaşlarında iki oğlu var. 

Xatırladaq ki, “Qafqazinfo” bir müddət əvvəl komada olan Nurlan Əbilovla bağlı məqalə hazırlamışdı. Həyat yoldaşı Nurlanın vəziyyətinin gündən-günə geriyə doğru getdiyini bildirmişdi. BDU-nun coğrafiya fakültəsini bitirən Nurlan Əbilov anasının xəstəliyi səbəbindən təhsilini bir müddət dondurub, diplomunu ala bilməyibmiş. Diplomunu ailəsinə o döyüşdə olanda göndəriblər, Nurlan Əbilova  diplomunu görmək qismət olmayıb.  

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo