“LG Display” şirkəti bu il televizor istehsalçılarına tədarük ediləcək üzvi işıq diodlu (OLED) panellər haqqında ətraflı məlumatlar açıqlayıb. Seriyaya 42 düymlük panel – şirkətin indiyədək “OLED” televizorları üçün istehsal etdiyi ən kiçik ekran da daxildir. Həmçinin bir neçə gün əvvəl nümayiş olunan “Sony Bravia” seriyalı televizorlarda tətbiq edilən 83 düym diaqonallı yeni panel təqdim olunub.

Beləliklə, bu il “OLED” televizorları 42, 48, 55, 65, 77, 83 və 88 düym diaqonallarında təklif olunacaq. “LG Display” nümayəndələrinin sözlərinə görə, 20 faiz daha səmərəli olacaq və daha yüksək parlaqlığı təmin edəcək 77 düymlük növbəti nəsil panel də tədarük ediləcək. Hazırda “OLED” panellərində parlaqlıq şərti çatışmazlıq hesab edilir.

“LG Display” şirkəti komponent hissələr istehsalçısıdır və istehlak mallarının buraxılışı ilə məşğul olmur. Bu səbəbdən bu il 42 düymlük seriyalı televizorun hansı istehsalçı tərəfindən buraxılacağı hələ ki məlum deyil. “LG Electronics” şirkətinin törəməsi olan “LG Display” 2021-ci il televizorlar seriyasını tam təqdim etməsə də, “Yonhap” agentliyinin hesabatına görə, bu il “G1” seriyalı yeni həllər üçün “OLED Evo” markasından istifadə ediləcək.

Nizam Nuriyev

İstinadlar ict news