“Həbs yatıb-çıxan keçmiş nazir, guya, partiya qurur, amma partiyasını “yerlibazlıq” və regionçuluq, hətta etnik təmsilçilik üzərinə inşa edir, elə bilir ki, ölkənin hər regionundan, hər etnik qrupdan bir tanınmış adam tapıb “siyasi buket” yığsa, bu cəlbedici olacaq. Çünki ideoloji bazanın, prinsiplərin, dəyərlərin nə olduğundan xəbərləri belə yoxdur”.

Bunu REAL Partiyasının icra katibi Natiq Cəfərli ölkədə fəaliyyət göstərən bəzi siyasi partiyaların ideoloji təşkilatlanmasının olmaması məsələsinə şərh verərkən bildirib. O bildirib ki, digər bir siyasi partiya özünü sağ-mərkəzçi adlandırır, amma səhərdən-axşamacan, “dövlət-hökumət hamıya pul paylasın”, üzərinə populist təbliğat qurur:

“Halbuki sağ-mərkəzçi partiya xalqı ələbaxan-sözəbaxan deyil də, mübariz, özünə iş quran, dövlətdən yardım yox iş istəyən, iş qurmasına mane olan hökumətdən hesab soran toplum formalaşmasına yardımçı olmalıdır. 

Başqa bir partiya isə bir sədrdən, sürücüsündən və obrazlı desək, xalaoğludan ibarətdir, İnternetdə bağırmaqla 40-50 min baxış yığan kimi özü haqqında yüksək fikrə düşür, elə bilir ki, xalq bunun yanındadır, amma başına bir iş gələndə, çıxışlarına görə hakimiyyət tərəfindən haqsız, hüquqsuz olaraq həbs ediləndə məhkəməsinə heç 3 nəfər də gəlmir. Bax, belə bir siyasi sistemin, eybəcər ictimai münasibətlərin içində yaşayırıq.

Soruşsanız ki, niyə YAP haqqında bir söz yazmadım, deyim. YAP siyasi partiya deyil, heç hakim partiya da deyil, hakimiyyətdə təmsilçiləri olan, beyinlərə təsir edə bilmədiyi üçün kiçik sayda ayaqlara təsir edən, ayaqları mobilizə edib onbaşı, yüzbaşı, minbaşı təyin edərək insanları seçkiyə, hakimiyyəti dəstəkləyən tədbirlərə, konsertlərə gətirən siyasi duruşu, ideoloji bazası, parlamentdə fraksiyası, qanunvericilik təşəbbüsləri olmayan mənasız bir qurumdur”.

İstinadlar Qafqazinfo