Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqı aparılmış cinayət işi üzrə xüsusilə külli miqdarda qaçaqmalçılıq və digər əməllərdə təqsirləndirilən Hidayətov Zöhrab Raqub oğlu, Şirinov Elvin Valeh oğlu və Hümbətov Qaçqın Şura oğlu barəsində məhkəmə prosesi davam etdirilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə hazırlıq iclası davamı keçirilib.
Təqsirləndirilən Elvin Şirinov və Zöhrab Hidayətovun vəkilləri vəsatətlə çıxış edərək müvəkkiləri barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.
Məhkəmə vəsatəti təmin etməyib. İş üzrə məhkəmə baxışı noyabrın 7-ə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunur. Belə ki, Zöhrab Hidayətov müxtəlif hüquqi və fiziki şəxslərə aid məhsulların ölkədən saxta yolla sahibkar kimi qeydiyyatdan keçirdiyi Elvin Şirinovun və Qaçqın Hümbətovun adından ixrac olunmasını təşkil edib, ixrac üçün nəzərdə tutulan bu məhsulların istehsalçılarının guya həmin şəxslər olduğuna dair gömrük orqanlarına saxta sənədlər təqdim edib, 326 milyon manatdan çox xüsusilə külli miqdarda məhsulları düzgün bəyan etməyərək xaricə çıxarmaqla qaçaqmalçılıq edib, bu qanunsuz əməllər eyni zamanda nağd pul vəsaitlərinin ölkədən çıxarılması və geri qaytarılmaması, kölgə iqtisadiyyatı qurulması üsulu olub.